Vergidən yayınmaq məqsədilə 68 milyon rublun leqallaşdırılmasında (çirkli pulların yuyulması) təqsirli bilinərək qiyabi şəkildə 4 il azadlıqdan məhrum edilən bloger Hüseyn Həsənov Rusiyaya qayıtmaq istəyir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə onun vəkili Dmitri Kozyaykin açıqlama verib.
"Əlbəttə ki, qayıtmaq istəyir. Bura onun vətənidir, burada doğulub, bütün həyatını burada yaşayıb. Cəmi son ilyarımdır ki, Rusiyada yaşamır. Təbii ki, burada yaşamaq və fəaliyyətini davam etdirmək istəyir", - deyə vəkil bildirib.
Onun sözlərinə görə, blogerin Rusiyaya qayıtmasına "müəyyən hadisələr" mane olur.
Bundan bir gün əvvəl Moskvanın Presnenski Rayon Məhkəməsi milyonlarla izləyicisi olan bloger Hüseyn Həsənovu vergidən yayınmaq məqsədilə çirkli pulların yuyulmasında təqsirli bilib.
Məhkəmənin qərarı ilə o, qiyabi şəkildə 4 il müddətinə cəzaçəkmə müəssisəsinə göndərilməyə məhkum edilib, 1 milyon rubl cərimələnib. Bundan başqa, dəyəri 68 milyon rubl olan "Moscow City" kompleksindəki mənzili də dövlət nəfinə müsadirə olunub.
Hüseyn Həsənovun vəkilləri məhkəmənin qərarından apellyasiya şikayəti verəcəklərini açıqlayıblar./musavat/












