İcra hakimiyyətləri ilə bağlı QƏRAR verilə bilər - Yeni sistem belə olacaq

İcra hakimiyyətləri ilə bağlı QƏRAR verilə bilər - Yeni sistem belə olacaq

Azərbaycanda yaradılmasından xeyli vaxt keçməsinə baxmayaraq, rəhbəri hələ də təyin olunmayan rayon icra hakimiyyətlərindən biri məhz Ağdərə Rayon İcra Hakimiyyətidir. Xatırladaq ki, Ağdərə Rayon İcra Hakimiyyəti Prezident İlham Əliyevin 2023-cü ilin dekabrında imzaladığı müvafiq sərəncamla yaradılıb.

Həmin sənəddə rayonun idarəetmə strukturunun formalaşdırılması, Nazirlər Kabinetinə isə qurumun fəaliyyəti üçün maliyyə vəsaitinin ayrılması və inzibati bina ilə təmin olunması tapşırılmışdı. Lakin aradan keçən uzun dövrə – təxminən iki ildən artıq vaxta baxmayaraq, Ağdərə Rayon İcra Hakimiyyətinə hələ də başçı təyin edilməyib. Başçı təyinatının bu qədər gecikməsinin səbəbləri barədə rəsmi səviyyədə hər hansı açıqlama verilməyib və qurumun tam olaraq nə vaxt fəaliyyətə başlayacağı qaranlıq olaraq qalır.

Nəzərə alsaq ki, Ağdərə işğaldan azad edilmiş ərazilərdə yaradılan yeni inzibati rayonlardan biridir, burada yerli idarəetmə sisteminin operativ şəkildə qurulması xüsusi strateji əhəmiyyət daşıyır. Buna baxmayaraq, uzun müddətdir başçısız qalan bu struktur cəmiyyətdə və ekspert dairələrində yerli idarəetmə mexanizmlərinin effektivliyi ilə bağlı müəyyən suallar doğurur.

Ümumiyyətlə, yerli icra hakimiyyəti institutu nəyə lazımdır və bu gün bu struktur nə dərəcədə özünü doğruldur? Sovet dövründən qalma idarəetmə modelinin bir elementi olan icra hakimiyyətləri mərkəzi hakimiyyətin yerlərdəki qollarını təmsil edir.

Lakin müasir dövrdə, sürətlə dəyişən qlobal və lokal çağırışlar fonunda bu institutun funksionallığı ciddi müzakirə mövzusuna çevrilib. Bir çox mütəxəssislər hesab edir ki, mərkəzləşdirilmiş və həddindən artıq bürokratik aparat kimi fəaliyyət göstərən icra hakimiyyətləri müasir dövlət idarəçiliyinin tələblərinə, şəffaflıq və hesabatlılıq prinsiplərinə tam cavab vermir. Alternativ idarəçilik sistemlərinə gəldikdə isə, dünyada və xüsusilə qardaş Türkiyə təcrübəsində uğurla tətbiq olunan bələdiyyə mərkəzli və ya valilik (və ya xüsusi nümayəndəlik) institutlarına keçid kifayət qədər real və zəruri görünür.

Həmçinin, Azərbaycanda son illərdə işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan Prezidentin xüsusi nümayəndəlikləri modeli sübut etdi ki, çevik, yığcam və iqtisadi əsaslara söykənən idarəetmə mexanizmləri köhnəlmiş icra strukturlarından qat-qat səmərəlidir. İcra hakimiyyətlərinin ləğv edilməsi və onların səlahiyyətlərinin gücləndirilmiş yerli bələdiyyələrə və ya regional idarəetmə mərkəzlərinə ötürülməsi ölkədə idarəçiliyin optimallaşdırılması üçün əsas yollardan biri kimi qiymətləndirilir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Əli Əkbəroğlu icra hakimiyyəti institutunun fəaliyyətini kəskin tənqid edərək bildirib ki, bu struktur artıq özünü tamamilə doğrultmayıb və müasir Azərbaycanın inkişaf templərinə, eləcə də idarəçilik fəlsəfəsinə ayaq uydura bilmir. Ekspert qeyd edib ki, illərdir yerlərdə formalaşan icra hakimiyyəti sistemi şəffaflıqdan uzaq olması, vətəndaş cəmiyyəti və yerli əhali qarşısında hesabat verməməsi ilə seçilir: "İcra hakimiyyətləri institutu sovet dövründən qalan totalitar və bürokratik idarəetmə metodlarının hələ də yaşatıldığı qapalı birqütblü sistemdir. Bu qurumlar yerlərdə əhalinin problemlərini operativ həll etmək əvəzinə, əksər hallarda süni maneələr yaradan, yerli sahibkarlığa və təşəbbüskarlığa kölgə salan strukturlara çevriliblər. Vətəndaşların birbaşa seçmədiyi, tamamilə mərkəzi təyinatla gələn və yerli sakinlərin iradəsini deyil, yalnız dar çərçivədəki maraqları təmin edən bir sistemin bu gün saxlanılması sadəcə anaxronizmdir. Bürokratik əngəllərin, korrupsiya risklərinin və idarəetmədə səriştəsizliyin əsas mənbəyi məhz bu institutdur. Ağdərə kimi yenidən qurulan, sıfırdan həyat qaytarılan bir rayonda belə hələ də ənənəvi, ağır və effektsiz icra hakimiyyəti modelinin tətbiqinə çalışılması və ya bunun gecikdirilməsi göstərir ki, köhnə mexanizmlər artıq yeni reallıqlara cavab vermir".

Ekspertin sözlərinə görə, ölkə başçısının işğaldan azad edilən ərazilərdə tətbiq etdiyi xüsusi nümayəndəlik institutu bir daha sübut etdi ki, bizə ağır, şişirdilmiş ştat cədvəli olan icra aparatları deyil, çevik, rəqəmsallaşmış, mobil və nəticəyə yönəlmiş idarəetmə modelləri lazımdır: "Əgər biz həqiqətən də müasir, səmərəli və azad bazar prinsiplərinə əsaslanan idarəetmə sistemi qurmaq istəyiriksə, gecikmədən bütün ölkə üzrə icra hakimiyyəti institutu ləğv edilməlidir. İcra strukturlarının saxlanılması dövlət büdcəsinə əlavə maliyyə yüküdür və bu qurumların yerinə əsl güclü yerli özünüidarəetmə orqanları – səlahiyyətləri genişləndirilmiş bələdiyyələr və mərkəzdən nəzarət olunan peşəkar regional nümayəndəliklər gətirilməlidir. Əks təqdirdə, köhnə sistemlə yeni dövrün çağırışlarına cavab vermək qeyri-mümkündür və bu, yalnız inkişaf prosesini ləngidən əsas tormoz rolunu oynamaya davam edəcək".

Tunar,
NOCOMMENT.az