Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41,4 min ton ət idxal edib. Məhsulun ümumi dəyəri 90,5 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 11,2 min ton (36,9 %), dəyər baxımından isə 30,4 milyon ABŞ dolları (50,5 %) çoxdur. Ölkəmizdə ət idxalı üçün ayrılan vəsaitin 50 faiz artmasının səbəbi nədir?
NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov Referans.az-ın suallarını cavablandırıb. Millət vəkili bildirib ki, Azərbaycan ət məhsullarına olan tələbin təxminən yetmiş beş faizini yerli istehsal hesabına ödəyir. Yerdə qalan digər dörddə bir hissə idxal hesabına ödənilir.
Vüqar Bayramov onu da bildirib ki, ölkəmizin ət idxal etdiyi ölkələr arasında Gürcüstan, Hindistan və bir neçə belə ölkəni xüsusi qeyd etmək lazımdır. Həmin ölkələrdən Azərbaycana ət idxalı ilə daxili tələbatın ödəniləməsi reallaşdırılır. Ət idxalının dəyər ifadəsinin artmasının səbəblərindən biri də həm də bütövlükdə həmin ölkələrdə ərzaq məhsullarının o cümlədən də ət məhsullarının nisbətən bahalaşması ilə bağlıdır. Çünki nəticə-etibarilə həmin məhsulların bahalaşması idxal dəyərinə təsir edir.
Millət vəkili həmçinin deyib ki, Azərbaycanda ət idxalına ayrılan vəsaitin artırılmasının digər səbəblərindən biri də bu sahədə idxaldan asılılığın aradan qaldırılmasıdır. Bu konteksdən nəzərə alsaq ki, heyvandarlığın inkişafı və bu istiqamət əsas prioritetdir.
“Xüsusilə də işğaldan azad edilmiş Şərqi Zəngəzurun bu sahə üçün perspektivləri çoxdur. Ona görə də Şərqi Zəngəzurun bu potensialından daha yaxşı formada istifadə etməklə idxalın minimumlaşdırılması və yerli istehsalın payının artırılması mümkündür”,- deyə millət vəkili qeyd edib.












