Elektrik avtomobillər üçün şarj yerlərinin kifayət edib-etməməsi hələ də mübahisəli məsələdir. İnkişaf etmiş ölkələrdə və böyük şəhərlərdə şəbəkə genişlənir, lakin hələ də kifayət qədər deyil, xüsusən də uzun səyahətlərdə və ya şarj məntəqələrinin az olduğu ərazilərdə çətinliklər yaşanır. Bu səbəbdən evdə şarj etmək ən rahat və sərfəli üsul sayılır.
Bəs paytaxt Bakıda bu istiqamətdə vəziyyət necədir?

Məsələ ilə bağlı NOCOMMENT.az-a nəqliyyat eksperti Yasin Mustafayev danışıb:
“Bəli, şarj məntəqələri ölkədə azdır. Amma elektrikli avtomobillərlə bağlı əsas problem servis və ehtiyat hissələrinin çatışmazlığıdır. Üstəlik, ortada bir sıra miflər də dolaşır. Guya bu avtomobillər xarab olduqda düzəlmir, ehtiyat hissələri tapılmır, onları təmir edə bilən ustalar yoxdur və sair. Əslində isə bu, reallığı tam əks etdirmir. Elektrikli avtomobillərin ən böyük üstünlüklərindən biri onların quruluşunun sadəliyidir. Daxili yanma mühərrikli avtomobillərlə müqayisədə elektrikli avtomobillərin mühərriki çox sadədir. Daxili yanma mühərriklərində minlərlə detal olur, halbuki elektrik mühərriki əsasən sadə qurğulardan, sarğıdan və valdan ibarətdir. Bu sadəlik onların istifadəsini asanlaşdırır”.
Ekspert bildirib ki, sadə quruluş, az texniki problem, uzunmüddətli istismar elektrikli avtomobilləri cəlbedici edir:
“Amma yenə də bəzi insanlar arasında miflər qalır. Lakin son vaxtlar bu sahədə dəyişikliklər müşahidə olunur. Artıq bir çox ehtiyat hissələri mağazalarında və servis mərkəzlərində elektrikli avtomobillərlə bağlı xidmətlər təqdim edilir. Geri dönüş yoxdur. Ekoloji, iqtisadi və komfort baxımından qiymətləndirsək, elektrikli avtomobillər daha sərfəlidir”.
“Üstəlik, bu avtomobillər daxili yanma mühərrikli avtomobillərlə müqayisədə daha münasib qiymətə başa gəlir. Ən önəmlisi isə onların daha az enerji sərfiyyatı ilə eyni məsafəni qət etməsidir. Bu da 70–80% qənaət deməkdir”, – ekspert yekunlaşdırıb.












