Erkən nikahların qarşısı belə alınacaq

Erkən nikahların qarşısı belə alınacaq

“Erkən nikah halları Azərbaycanda mentalitet, dini yanaşma və digər müxtəlif səbəblərdən irəli gələrək, bəzən isə valideyn məsuliyyətsizliyinin nəticəsi olaraq baş verir. Əksər hallarda valideynlərin ailədə gender əsaslı ayrı-seçkiliyi, qız uşaqlarının hüquqlarını məhdudlaşdırması, yaxud valideynin özünü məsuliyyətdən azad etmək arzusu bu cür vəziyyətə gətirib çıxarır. Bəzi hallarda isə yetkinlik yaşına çatmayan uşaq öz iradəsi ilə evdən qaçır, özü qərar verərək erkən münasibətlərə başlayırlar”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə  Redaktor.az məlumat  yayıb.

Komitə rəsmisinin sözlərinə görə, son illərdə erkən nikahların qarşısını almaqdan ötrü həm qanunvericilik, həm dövlət orqanlarının məsələyə həssaslığını artırılması, həm də əhalinin maarifləndirilməsi istiqamətində mərkəzi və yerli səviyyədə təlimatlandırılmalar aparılıb:

“Dövlət Komitəsi olaraq qanunvericilik səviyyəsində belə məsələlərə daha operativ reaksiya verilməsi üçün bütün tədbirləri görürük. Məsələnin həssaslığından irəli gələrək Cinayət Məcəlləsinə qadını nikaha məcburetmə ilə bağlı xüsusi maddə əlavə edilib. Həmin maddə əsasında məsələyə lazımi hüquqi qiymət verildikdən sonra məsuliyyət müəyyən olunur”.

“Belə ki, Cinayət Məcəlləsinə 16 yaşına çatmayan şəxsin erkən evliliyinin təşkilinə görə valideynlərlə bağlı məsuliyyət növü, İnzibati Xətalar Məcəlləsinə 16 yaşa çatmayan şəxs barəsində evliliyə dair sövdələşməyə daxilolma məsələləri aiddir. Əvvəllər nişan mərasimləri keçirilirdi və biz heç bir tədbir görə bilmirdik, sadəcə olaraq söhbətlər aparmaqla valideynləri bu əməllərdən yayındıra bilirdik. İnzibati Xətalar Məcəlləsinə artıq ictimai-iaşə obyektlərini idarə edən şəxslər tərəfindən erkən evliliklə bağlı mərasimlərin keçirilməsinə şəraitin yaradılması, həmçinin yetkinlik yaşına çatmayanlar barəsində dini kəbin kəsməklə bağlı məsuliyyətlər əlavə edilib. Bundan əlavə, istisna hallarda nikah yaşının 17 olması məsələsi Aİlə Məcəlləsindən çıxarıldı və birmənalı şəkildə nikah yaşı 18 yaş olaraq qəbul edildi”.