Hava ilə bağlı XƏBƏRDARLIQ GƏLDİ – Bunu etsəniz CƏRİMƏLƏNƏCƏKSİNİZ

Hava ilə bağlı XƏBƏRDARLIQ GƏLDİ – Bunu etsəniz CƏRİMƏLƏNƏCƏKSİNİZ

Yağışlı havada avtomobillərin hərəkəti zamanı yollarda yaranan su və palçığın piyadaların üzərinə sıçraması inzibati məsuliyyət yaradır. Mövcud qanunvericiliyə əsasən, bu hal sürücünün diqqətsizliyi kimi qiymətləndirilir.

Məsələ ilə bağlı hüquqşünas Natiq Ələsgərov NOCOMMENT.az-a açıqlamasında bildirib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, sürücünün yol hərəkəti iştirakçılarına qarşı hörmətsizlik və təhlükə yaradan hərəkətləri cərimə ilə nəticələnir:

“Əgər sürücü hava və yol şəraitini nəzərə almadan hərəkət edər və nəticədə piyadanın üzərinə su və ya palçıq sıçradarsa, bu hal sübuta yetirildiyi təqdirdə 20 manat məbləğində cərimə tətbiq olunur. Sürücülər xüsusilə piyada keçidlərinin və səkilərin yaxınlığında daha diqqətli olmalıdırlar”.

Hüquqşünas qeyd edib ki, sürət həddinin azaldılmaması və ehtiyatsız manevrlər bu cür halların baş verməsində əsas amillərdəndir.

Nəqliyyat eksperti Tale Ələddinzadə isə bildirib ki, problem yalnız sürücülərin davranışı ilə məhdudlaşmır.

Onun sözlərinə görə, yağışlı havalarda yol infrastrukturu və şəhər təsərrüfatı lazımi səviyyədə fəaliyyət göstərmir:

“Yollarda drenaj sistemlərinin zəif işləməsi həm sürücülər, həm də piyadalar üçün risk yaradır. Bu da cərimələrin və yol-nəqliyyat hadisələrinin sayının artmasına səbəb olur. İnkişaf etmiş ölkələrdə hava şəraiti dəyişdikdə yol təsərrüfatı xüsusi rejimdə işləyir, sürücülər isə hava şəraitinə uyğun davranmağa məcburdur. Bakıda isə qısa müddətli leysan belə nəqliyyat sisteminin iflic olmasına gətirib çıxarır”.

Tunar