“Kontakt Home”dan ŞİKAYƏT VAR – “Kreditin zamanını qəstlə demirlər ki…”

“Kontakt Home”dan ŞİKAYƏT VAR – “Kreditin zamanını qəstlə demirlər ki…”

Son günlər “Kontakt Home” mağazası ilə bağlı bir sıra müştəri şikayətləri diqqət çəkir. Şikayətçilərin bildirdiyinə görə, kreditlərinin ödəniş tarixi gəldiyi halda, mağazadan və ya bankdan vaxtında heç bir xəbərdarlıq gəlmir. Bildiriş yalnız 4–5 gün gecikmə ilə göndərilir və bu zaman artıq gecikmə haqqı hesablanmış olur. Müştərilər bu gecikmələr nəticəsində əlavə 5–6 AZN (kreditin miqdarına görə dəyişə bilər) ödəməli olurlar.

Bu vəziyyət bir sıra suallar doğurur: mağaza və ya bank müştəriyə kreditin ödəniş tarixi ilə bağlı mütləq bildiriş göndərməlidirmi, yoxsa ödənişdən xəbərdar olmaq və vaxtında həyata keçirmək müştərinin məsuliyyətindədir?

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov NOCOMMENT.az -a bildirib ki, ümumiyyətlə, “Kontakt Home” ilə bağlı şikayətlər çoxdur və onların istehlakçını aldatmaq və əlavə pul qazanmaq üçün müxtəlif üsulları mövcuddur:

“Bəzən hətta mal istehlakçının tələbatına cavab vermir, onu geri qaytarır və əlinə akt verir ki, “mal geri qaytarılıb”. Bir neçə aydan sonra məhkəmə qərar çıxarır ki, siz krediti ödəməlisiniz, üstəlik cərimələri də ödəməlisiniz.”

Eyyub Hüseynov qeyd edir ki, əgər alqı-satqı müqaviləsində göstərilibsə ki, mağaza və ya kredit təşkilatı müştəriyə ödəniş tarixi barədə bildiriş göndərməlidir, bu halda gecikdirmə, məlumat verməmək və əlavə pul almaq istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilir:

“Əks halda, yəni müqavilədə belə bir öhdəlik yoxdursa, mağaza və ya kredit təşkilatı bildiriş göndərməyə bilər. İstehlakçılar kredit ödənişləri barədə vaxtında xəbərdar edilməlidir. Əgər mağaza bunu təmin etmirsə, bu istehlakçının hüquqlarının pozulmasıdır. Belə hallarda müştərilər dərhal Prezident yanında Antiinhisar və Bazara Nəzarət Dövlət Agentliyinə şikayət etməlidirlər. Bu, həm hüquqi müdafiə, həm də əlavə maliyyə itkilərinin qarşısını almaq üçün vacibdir.”

Ekspert əlavə edir ki, bütün hallarda istehlakçı hüquqları pozulursa, Prezident yanında Antiinhisar və Bazara Nəzarət Dövlət Agentliyinə – 012-599-76-00 nömrəsi vasitəsilə müraciət etmək tövsiyə olunur.