Son illər ölkədə loqoped mərkəzlərinin sayının sürətlə artması cəmiyyətdə müxtəlif suallar doğurur. Bəziləri bunu “biznes marağı”, digərləri isə uşaqlarda artan nitq problemləri ilə əlaqələndirir.
Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan psixoloq Günel Əkbərova bildirib ki, loqopediya Azərbaycanda yeni inkişaf edən sahə olsa da, bütün mərkəzləri “biznes” kimi qiymətləndirmək doğru deyil.

Onun sözlərinə görə, yalnız bəzi mərkəzlərdə peşəkar təhsili olmayan şəxslərin çalışdırılması bu sahədən qazanc məqsədilə sui-istifadə hallarının olduğunu göstərir.
G. Əkbərova valideyn davranışlarındakı dəyişikliklərin də nitq problemlərinin artmasına təsir etdiyini qeyd edib:
“Bugünkü valideynlər sovet dövrünün çətinliklərini yaşamış nəslin nümayəndələridir. Onlar övladlarının hər cür maddi imkana sahib olmasını istəyirlər. Lakin maddi təminat artdıqca, uşaqlara ayrılan zaman azalır. Əvvəllər ailə dəyərləri, birlikdə zaman keçirmək, süfrə ətrafında toplaşmaq vardı, televizor və mavi ekran bu qədər təsirli deyildi.”
Ekspertin sözlərinə görə, valideynlər müəyyən səbəblərdən övladına vaxt ayıra bilmir:
“Valideynlər ağır iş yükü səbəbindən artıq 1 yaşlı uşaqlar belə bağçalara verilir, evə dönən ana-ata isə övladına kifayət qədər diqqət ayıra bilmir. Bu da nitq ləngiməsi, özünüifadə çətinliyi, özünəinamın azalması və sosial fobiya kimi problemlərin yaranmasına gətirib çıxarır”.











