Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Ata Abdullayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
NOCOMMENT xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində telefon mağazasında satıcı işləyən Siyavuş Kərimov dindirilib.
O bildirib ki, A.Abdullayevi 2007-ci ildən tanıyır: “Ata bir neçə dəfə telefon təmir etmək üçün mağazaya gəlib. O, iki-üç ildən bir telefon dəyişirdi. Sonuncu dəyişdiyi telefon “İphone 11” və “İphone 12″ idi. Onun telefonunu dəyişdim, bilmirdim onu necə alıb və ya neçəyə alıb”.
Daha sonra məhkəmədə qeyd edilib ki, şahidlərdən biri – Ziya Məmmədov ölkə xaricindədir. Buna görə prosesdə onun istintaqa verdiyi ifadə elan olunub.
Z.Məmmədov ifadəsində deyib ki, A.Abdullayev Elmar adlı şəxsə zəng edərək onun barəsində rüsvayedici məlumatlar yayacağını deyib.
Prosesdə A.Abdullayev vəsatət qaldırb. O, şahid, Abşeron Rayon İcra Hakimiyyətinin Masazır qəsəbəsi üzrə nümayəndəsi Şahlar Həsənovun məhkəmədə iştirakının təmin olunmasını xahiş edib.
Vəsatət təmin edilib. Məhkəmə Ş.Həsənovun prosesə məcburi gətirilməsi barədə qərar qəbul edib.
Proses noyabrın 30-da davam etdiriləcək.












