Avtomobildə sərnişinlərin, xüsusilə uşaqların daşınması zamanı təhlükəsizlik qaydalarına riayət olunması onların həyat və sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə yol hərəkəti iştirakçılarına müraciətdə bildirilib.
Qeyd olunub ki, hərəkətdə olan avtomobillərdə sərnişinlərin təhlükəsizlik kəmərindən istifadə etməməsi, uşaqların avtomobilin pəncərəsindən bədənlərinin hər hansı hissəsini çıxarması, eləcə də ayaqüstə dayanması kimi təhlükəli hallara rast gəlinir.
Bildirilib ki, ilk baxışdan adi görünən bu cür davranışlar gözlənilməz vəziyyət zamanı ciddi xəsarətlərə səbəb ola bilər.
Xüsusilə uşaqların avtomobildə daşınması zamanı valideynlərin və sürücülərin üzərinə böyük məsuliyyət düşdüyü vurğulanıb. Uşaqların yaş və çəkilərinə uyğun təhlükəsizlik vasitələrindən, o cümlədən uşaq oturacaqlarından istifadə olunması, onların təhlükəsizlik kəməri ilə düzgün şəkildə bağlanmasının vacibliyi qeyd edilib.
“Unutmayaq ki, onların təhlükəsizliyi ilk növbədə böyüklərin diqqətindən və məsuliyyətli davranışından asılıdır.
Təhlükəsiz yol – diqqətli və məsuliyyətli davranışdan başlayır”, - müraciətdə vurğulanıb.












