Bakıda 2 maşın qaz borusuna çırpıldı: Yanğın başladı – VİDEO

Bakıda 2 maşın qaz borusuna çırpıldı: Yanğın başladı – VİDEO

Paytaxtın Nizami rayonu, B.Çobanzadə küçəsində yol-nəqliyyat hadisəsi zamanı baş verən güclü yanğının görüntüsü ortaya çıxıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

“Nazirliyin “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, B.Çobanzadə küçəsində yol-nəqliyyat qəzasının baş verməsi və nəticədə yanğının yaranması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı “Volksvagen” və “Porşe” markalı minik avtomobillərinin toqquşaraq yol kənarından keçən qaz boru kəmərini zədələdiyi və nəticədə kəmərdə yanğın yarandığı müəyyən olunub”, – məlumatda bildirilib.

Qeyd edilib ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində qaz boru kəmərində baş vermiş yanğın qısa müddətdə söndürülüb, avtomobillər, ağaclıq sahə və ətraf ərazilər yanğından mühafizə olunub.

Hadisə yerindən görüntüləri təqdim edirik:

***

09:38

Ötən gecə paytaxtın Nizami rayonunda ağır yol-nəqliyyat hadisəsi zamanı qaz xətti zədələnib.

NOCOMMENT.az xəbər verir ki, Bəkir Çobanzadə küçəsində “Volkswagen” və “Porsche” markalı avtomobillərin toqquşmasından sonra maşınlardan biri qaz borusuna çırpılıb.

Nəticədə qaz xəttində yanğın başlayıb. Hadisə vaxtı avtomobillərdən biri də yanıb.

Qəzaya uğrayan “Porsche”nin ayıq sürücü tərəfindən idarə edildiyi bildirilir.

Hadisə zamanı ümumilikdə 3 nəfər yaralanıb. Onlardan ikisinə hadisə yerində tibbi yardım göstərilib. “Porsche”nin sürücüsündə çanaq sümüyünün sınığı müəyyən edildiyi üçün xəstəxanaya yerləşdirilib.

Hadisənin görüntülərini təqdim edirik: