Nobayrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayan DSX-nin hərbi helikopterinin neçənci ildə istehsal olunduğu açıqlanıb.
NOCOMMENT xəbər verir ki, bu barədə DSX-nin Aparat rəhbəri general-mayor Elçin İbrahimov haqqin.az-a danışıb.
Qurum rəsmisi bildirib ki, bort nömrəsi 20136 olan Mi-17 helikopteri 2012-ci ildə Azərbaycan üçün istehsal olunub və elə həmin ilin dekabrında DSX-nin istismarına verilib: “Onun istismar müddəti 25 ildir və 2020-ci ilin avqustunda ilkin zəmanət müddətinin bitməsi ilə əlaqədar helikopter plana uyğun əsaslı təmir məqsədilə istehsal olunduğu zavoda göndərilib. Əsaslı təmir 2021-ci ilin aprelində başa çatıb və bu, müvafiq şəkildə sənədləşdirilib”.
Qeyd edək ki, DSX rəisi, general-polkovnik Elçin Quliyevin məlum qəza ilə bağlı keçirdiyi brifinqdə helikopterlə əlaqədar danışarkən səsləndirdiyi – “Helikopter yeni idi, üzərində qısa müddət öncə təmir işləri aparılmışdı”, – fikri sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu.











