Qusar rayon Yuxarı Zeyxur kənd tam orta məktəbinin 8-ci sinif şagirdi olan 14 yaşlı qızın “mavi balina” oyunundan sonra intihara cəhdi ilə bağlı xəbər yayılıb. Qeyd olunub ki, o, idman dərsi zamanı özünü məktəbin üçüncü mərtəbəsindən atıb.
NOCOMMENT xəbər verir ki, həmin şagirdin ailə üzvləri baş verənlərlə bağlı qafqazinfo-ya danışıblar.
Bildirilib ki, hadisə dünən saat 10 radələrində olub: “Uşağın heç bir psixoloji sarsıntısı olmayıb. Araşdırmalarda belə bir şey üzə çıxıb ki, bu hadisə “mavi balina” oyunu ilə əlaqəlidir. Oyun insana psixoloji təsir edir, bu səbəbdən olub. Uşağın vəziyyəti yaxşıdır indi, ayağında zədə var. Ailənin durumu yaxşıdır, heç bir problem yoxdur”.
Ailə üzvləri mətbuatda yazılanlarla bağlı da danışıblar: “Saytlarda yazırlar ki, ata içir, bu dezinformasiyadır. Gəlib araşdırmadan kim nə desə, onu yazırlar. Bu uşaq oktyabrın 19-dan bu oyunu oynayırmış, biz də bilmirdik. Biz özümüz yutubdan baxmışıq, orada yazılır ki, oyunun 50-ci mərhələsi var, o da intihardır. “Mavi balina” oyunundan söhbət gedir, indi onun adını dəyişdiriblər”.
“Ayın 19-dan oynayırmış. Uşaq bəzi şeyləri gizlədə bilər. Hazırda xəstəxanadadır. Ailə ilə bağlı heç bir problem yoxdur, səbəb “mavi balina” oyunudur. O oyun insanı özünə cəlb edir. O oyunda deyilir ki, bıçaqla əlini kəs, bıçaqla əlinə nə isə yaz və s. Uşağın məktəbdə də problemi olmayıb, həmişə nəzarət edirik. Ümumiyyətlə, problemli uşaq deyil. Sakitdir, aqressiv deyil”, – deyə ailədən qeyd edilib.











