Şahid kimi ifadə verdiyi gün evindən şübhəli heç nə tapılmayıb

Şahid kimi ifadə verdiyi gün evindən şübhəli heç nə tapılmayıb

Tovuz rayonunun Dondar Quşçu kəndində 11 yaşlı Nərmin Quliyevanın itkin düşməsi və 47 gün sonra kənddə yandırılmış meyitin tapılması ilə bağlı məhkəmə araşdırmaları davam edir.

NOCOMMENT Meydan TV-yə istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə 1 ildən çoxdur gedən məhkəmə prosesində sənədlərin tədqiqi mərhələsidir.

İyulun 27-də hakim Dadaş İmanovun sədrliyilə keçirilən məhkəmə iclasında cinayət işinin materiallarında olan bir sıra sənədlər elan edilib. Onların arasında azyaşlını oğurlayıb öldürməkdə təqsirləndirilən İlkin Süleymanovun ilk dindirməsinin protokolu da olub.

Elan edilən sənəddən məlum olub ki, 8 yanvar 2020-ci ildə səhər saat 10:00-dan günorta 14:00-a qədər İlkin Süleymanov şahid qismində dindirilib. O, həmin ifadədə bildirib ki, yanvarın 6-da axşam saatlarında siqaret çəkmək üçün küçəyə çıxıb. Darvazanın qarşısında olanda evləri ilə üzbəüzdə yerləşən ərazidə nəyinsə yandığını görüb. Öncə zibil yandığını zənn edib. Yaxınlıqdakı ağaclara ziyan dəyməməsi üçün dərhal ora gedib. Həmin vaxt yananın meyit olduğunu görüb və dərhal həmin əraziyə bitişik evin sahibi Nazim Vəliyevi çağırıb. Nazim Vəliyev də gələn kimi, polis əməkdaşı olduğuna görə Murad Süleymanovu (İlkin Süleymanovun əmisi oğlu və qonşusu) çağırıblar.

İlkin Süleymanovun bir gün sonra şübhəli şəxs qismində verdiyi ifadədə isə cinayəti könüllü şəkildə etiraf etdiyi iddia olunur.

Elan edilən sənədlərdən o da məlum olub ki, İlkin Süleymanov şahid qismində dindirildiyi gün – 8 yanvarda onların evinə də baxış keçirilib. Amma oradan şübhəli heç nə tapılmayıb. Bu, protokolda da əksini tapıb. Evdə İlkin Süleymanova aid əşyalar və paltarlar yoxlanılıb.

Bir gün sonra isə baxış zamanı Süleymanovların həyətindən qan ləkəsi tapıldığı iddia olunub.

Əvvəlki məhkəmə iclaslarında dindirmələr zamanı təqsirləndirilən şəxsin əmisi oğlu Murad Süleymanov bildirmişdi ki, həmin gecə saat 4 radələrində Tovuzun o vaxtkı polis rəisi Şirzad Əsgərov da daxil olmaqla, bir sıra polis əməkdaşları gəlib.

Polislər gecəyarı İlkingilin həyətinə daxil olublar: “Rəis mənə dedi ki, “sən keç evinizə”. Mən də getdim. Bilmədim ki, niyə ora girirdilər…”

Murad Süleymanov həmin vaxt orada olan polislərdən Azər Məmmədovun da adını çəkmişdi. Azər Məmmədov o gecə Süleymanovların həyətində olmadığını, öz evində yatdığını desə də, telefon anten dairələrilə bağlı sənəd onun dediklərinin əksini göstərmişdi. Məlum olmuşdu ki, gecə saat 04:26-da Azər Məmmədov İlkin Süleymanovgilin evinin yanında olub. Murad Süleymanovun dediyi kimi, ona zəng edib, ondan uzadıcı istəyib.

Meyitin müayinəsilə bağlı protokol, üstündəki paltarların siyahısı da məhkəmədə elan edilib. Sənəddə bütün paltarların ölçüləri yazılsa da, meyitin özünün ölçüsü barədə heç nə yoxdur.

İlkin Süleymanovun paltarlarının nə vaxt götürülməsi məsələsində vəkillərlə prokuror arasında fikir ayrılığı yaranıb. Vəkillər bildirib ki, istintaqın sonunda onlara təqdim olunan iş materiallarında vaxt göstərilməyib.

Prokuror isə deyir ki, onda olan protokolda vaxt yazılıb.

“Bizə həmin sənədləri prokurorluq istintaqın sonunda flaş diskdə təqdim edib. Belə çıxır ki, sonradan sənədlərə müəyyən əlavə və dəyişikliklər edilib. Əks halda, bizdəki sənədlərdə olmayıb, prokurordakı sənəddə tarixin göstərilməsini izah etmək mümkün deyil”, – vəkillər bildirib.

Bu iş üzrə məhkəmə araşdırmaları avqustun 24-də davam edəcək.