Tərtər işi üzrə daha bir hərbçiyə bəraət verildi

Tərtər işi üzrə daha bir hərbçiyə bəraət verildi

2017-ci ilin mayında Tərtər hadisələri zamanı işgəncə nəticəsində öldürülənlərdən biri Elçin Mətləb oğlu Quliyev barəsində bəraət hökmü çıxarılıb.

NOCOMMENT xəbər verir ki, bu barədə modern.az-a mərhumun anası Validə Əhmədova məlumat verib.

V.Əhmədova bildirib ki, bu gün oğlu Elçin Quliyevə bəraət verilməsi ilə bağlı qərar ona təqdim olunub.

Qeyd edək ki, Ermənilərə casusluq – dövlətə xəyanət ittihamıyla onun barəsində başlanmış cinayət işinə öldüyünə görə 2017-ci ilin dekabrında bəraətverici əsaslar olmadan xitam verilmişdi. Həmin qərarı o zaman hərbi prokurorun müavini Şəfahət İmranov çıxarmışdı.

2021-ci ilin dekabrında Tərtər işi üzrə istintaq yenilənəndən sonra Baş prokuror Kamran Əliyev Elçin Quliyev haqqında sözügedən qərarı ləğv edib. Baş prokuror 31 yanvar 2022-ci ildə Şəfahət İmranovun həmin qərarının ləğvi haqqında yeni qərar imzalayıb. Yeni qərar fevralın 7-də mərhum Elçin Quliyevin anası Validə Əhmədovaya təqdim olunub.

Bu gün isə mərhum Elçin Quliyev barəsində bəraət hökmü çıxarılıb.