13:50 10.12.2025
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Zəngilan rayonunun Məmmədbəyli kəndinə də xeyli ailə köçürülüb.
NOCOMMENT.az xəbər verir ki, sosial media platformasında sakinlərdən biri müraciət yayıb.
O, video müraciətində köçmək üçün hazır olduqlarını deyib.
“Bizə dedilər ilk köçdə siz olacaqsız, lakin püşkatma olub bizi çağırmayıblar”, – deyə qeyd edib.
Videomüraciətə reaksiya verən bir çox sosial şəbəkə istifadəçiləri də eyni halla qarşılaşdıqlarını deyiblər.
“Biz də səninlə eyni vəziyyətdəyik. 3 aydır püşkatmada ev nömrəsi veriblər. Biz də nəyimiz var yığıb hazır qoymuşuq, hələ də gözləyirik”, “Mənə də 2 ildir hər ay zəng gəlir ki, hazırsan? Amma hələ də mən hazır gözləyirəm” – deyə qeyd ediblər.
Hətta şikayətçilərdən biri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Eldar Zeynalovun vətəndaşları aldatdığını iddia edib.
“Bizə də elə eləyiblər. Gedin hazırlaşın, gedirsiz dedilər. 1 ay gözlədim, axırda zəng etdim ki, nə vaxt gedirik?. Katibə qız dedi ki Eldar Zeynalov aldadır, hamıya elə söz deyir”, – deyərək qeyd edib.
Şikayətçilərin paylaşımlarını təqdim edirik:

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən NOCOMMENT.az -ın sorğusuna verilən cavabda bildirilibki, qurum tərəfindən işğaldan azad edilmiş ərazilərə köçürülmə prosesi mərhələli şəkildə həyata keçirilir:
“İlk növbədə, yaşayış şəraiti ağır olan, yataqxana, sanatoriya, yarımçıq tikililər və digər obyektlərində, həmçinin başqasına məxsus yaşayış sahələrində müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkün ailələri köçürülür.
Köçürülmə prosesinin şəffaflığını təmin etmək məqsədilə köçürüləcək vətəndaşlar arasında püşkatma keçirilir. Bərpa olunan və ya yenidən tikilən fərdi ev və ya mənzillər yaşayış üçün tam hazır vəziyyətə gətirildikdən və komitəyə təqdim edildikdən sonra ailələrin köçürülməsi həyata keçirilir”.
“Dövlət Komitəsinin vəzifəli şəxslərinin qəbulunda iştirak etmiş vətəndaşlara yanlış məlumatlar verilməsi ilə bağlı səsləndirilən iddialar həqiqəti əks etdirmir. Belə ki, vəzifəli şəxslər tərəfindən qəbullarda iştirak edən vətəndaşlara yalnız aidiyyəti rəhbərlik tərəfindən təsdiq olunmuş və media üçün açıq olan məlumatlar təqdim olunur”, – deyə məlumatda qeyd edilib.












