NATO müttəfiqləri tərəfindən aprelin 24-də start veriləcək və may ayının sonuna qədər davam edəcək irimiqyaslı hərbi təlimlər Rusiya ilə sərhədin bilavasitə yaxınlığında regionun hərbi xəritəsini yenidən formalaşdırır.
NOCOMMENT.az xəbər verir ki, Finlandiya ərazisində keçiriləcək bu manevrlərdə ABŞ, Böyük Britaniya, Fransa, Polşa, Baltikyanı ölkələr, Norveç, İtaliya və Macarıstandan olan ümumilikdə 19 min hərbçi iştirak edəcək. Təlimlərin ən irimiqyaslı hissəsi olan və 10 min nəfərlik qüvvəni əhatə edən “Karelian Sword 26” manevrləri Rusiya Federasiyası ilə birbaşa təmas xəttinə yaxın zonalarda reallaşdırılacaq. Xüsusilə qeyd edilməlidir ki, Alyansın planlaşdırdığı bəzi artilleriya atışları və döyüş sınaqları Rusiya sərhədindən cəmi 70 kilometr məsafədə icra olunacaq ki, bu da beynəlxalq hərbi protokollara görə kifayət qədər yüksək gərginlik siqnalı hesab olunur.
500-dən çox ağır texnikanın, o cümlədən müasir zirehli maşınların və HHM sistemlərinin cəlb olunduğu bu təlimlərin əsas məqsədi həm hava hücumundan müdafiə elementlərinin gücləndirilməsi, həm də çətin relyef şəraitində hücum əməliyyatlarının koordinasiyasını təkmilləşdirməkdir.
Bu hərbi fəallıq Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun Finlandiya və Baltikyanı ölkələri Ukrayna dronlarına “dəhliz” verməkdə ittiham edərək BMT Nizamnaməsinin 51-ci maddəsi ilə təhdid etməsindən dərhal sonraya təsadüf edir. Analitiklər NATO-nun bu addımını Moskvanın hədələrinə qarşı kollektiv müdafiə iradəsinin nümayişi və şimal cinahının qorunması istiqamətində strateji gediş kimi qiymətləndirirlər. Şimali Avropada yaranan bu “barıt qoxulu” atmosfer bölgədəki hərbi balansın nə dərəcədə həssas olduğunu bir daha sübut edir.
Sara,
NOCOMMENT.az









