Repetitorlara BƏD XƏBƏR - Bu halda...

Repetitorlara BƏD XƏBƏR - Bu halda...

Bakı şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki tam orta ümumtəhsil müəssisələrində X-XI siniflər üçün tətbiq olunan yeni təmayül tədris modelinə şagird və müəllimlərin qeydiyyat prosesinin başa çatmaq üzrə olması ölkənin təhsil ictimaiyyətində geniş müzakirələrə yol açıb. 2026-2027-ci tədris ilində paytaxtdakı 31 ümumi təhsil müəssisəsini əhatə edəcək bu yenilik tam orta təhsil səviyyəsində məktəbin akademik rolunun əsaslı şəkildə gücləndirilməsini və şagirdlərin ali məktəblərə qəbul imtahanlarına hazırlıq prosesinin birbaşa sinif otaqlarında, əlavə xərc çəkmədən təşkil edilməsini hədəfləyir. Əsas məqsədi şagirdlərin repetitor xidmətlərinə olan ehtiyacını minimuma endirmək və onları seçdikləri ixtisas istiqamətləri üzrə dərinləşdirilmiş biliklərlə təmin etmək olan bu model, cəmiyyətdə illərdir müzakirə olunan "repetitorluq bazarı bağlanır" sualını yenidən gündəmin mərkəzinə gətirib. Hərçənd ki, oxşar təmayül təşəbbüsləri ötən illərdə də sınaqdan keçirilmiş, lakin gözlənilən müsbət nəticəni verməmişdi, bu isə yeni modelin effektivliyi ilə bağlı müəyyən şübhələr doğurur.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan təhsil eksperti Fuad Hacıyev qeyd edib ki, məktəblərdə təmayül siniflərinin yaradılması prinsipcə doğru yanaşmadır, lakin repetitor bazarının tamamilə bağlanacağını iddia etmək üçün hələ çox tezdir: "Yeni təmayül modelinin məktəb daxilində ali məktəbəhazırlıq prosesini gücləndirmək məqsədi təqdirəlayiqdir, lakin illərdir formalaşmış repetitorluq institutunu sadəcə 31 məktəbdə tətbiq olunan pilot layihə ilə ləğv etmək qeyri-mümkündür. Valideynlərin məktəb təhsilinə olan etimad səviyyəsi, müəllimlərin dərsdənkənar hazırlıqdakı fərdi yanaşması və qəbul imtahanlarının sərt rəqabət mühiti hələ də abituriyentləri əlavə kurslara və repetitor yanına getməyə məcbur edir. Əgər məktəblərdəki təmayül dərsləri həqiqətən də peşəkar səviyyədə, tam təmənnasız və imtahan proqramına tam uyğun şəkildə qurulmazsa, bu layihə də əvvəlki cəhdlər kimi kağız üzərində qalacaq".

Onun sözlərinə görə, repetitorluğun qarşısının alınması üçün təkcə dərsliklərin və ya təmayül istiqamətlərinin dəyişdirilməsi kifayət deyil, ilk növbədə ümumtəhsil məktəblərinin daxilində sağlam rəqabət mühiti və yüksək tədris keyfiyyəti təmin edilməlidir: "Məktəblərdə müəllim potensialının gücləndirilməsi, qiymətləndirmə mexanizmlərinin obyektivliyi və şagirdin məktəbdə aldığı biliklə birbaşa ali məktəbə qəbul ola bilməsi sübut olunmalıdır. Yeni təmayül modelinin uğurlu olması üçün dərslər sadəcə nəzəri xarakter daşımamalı, Dövlət İmtahan Mərkəzinin qəbul proqramlarına tam inteqrasiya olunmalıdır.

Əks halda, şagirdlər məktəbdəki təmayül dərsləri ilə yanaşı yenə də repetitor yanına qaçmağa davam edəcəklər, çünki valideyn üçün əsas göstərici uşağın istədiyi universitetə qəbul olmasıdır. Bu baxımdan, məktəb daxili hazırlığın keyfiyyəti artmadığı müddətdə repetitor bazarının bağlanmasından danışmaq sadəcə illüziya olar".