Rus bölməsinə qəbul dayandırlır?  - Çağırış edildi

Rus bölməsinə qəbul dayandırlır? - Çağırış edildi

Əməkdar jurnalist, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, siyasi şərhçi Azər Həsrət rus bölmələrinin fəaliyyəti ilə bağlı kəskin mövqe ortaya qoyub.

NOCOMMENT.az xəbər verir ki, Azər Həsrət sosial şəbəkə hesabında paylaşdığı açıqlamada Azərbaycanda bu ildən başlayaraq rus olmayan uşaqların rus bölmələrinə qəbulunun birmənalı şəkildə dayandırılmasını tələb edib.

O, paylaşımında yazıb: “Azərbaycan bu ildən başlayaraq rus olmayanların rus bölməsinə qəbulunu birmənalı olaraq dayandırmalıdır! Müstəqilliyin 35-ci ilində belə bu ayıbı üzərimizdə daşımamalıyıq! Biz qalib millətik! Dünya bizi biz olduğumuz üçün tanıyır! Belə bir millət olaraq hələ də rus boyunduruğu olan rus məktəblərini dövlət hesabına saxlamağımız bizim üçün ən aşağılayıcı bir ayıbdır!

Bir də təkidlə uşağını rus məktəbinə qoyanlaradır sözüm: sizdə heçmi milli təəssübkeşlik hissi yoxdur? Heçmi anlamırsınız ki, uşağınızı hələ də rus məktəbinə yazdırmaqla qanlı rus imperiyasına əlavə xidmət edir və onun ömrünü uzadırsınız? Bir düşünün!”

Azər Həsrətin bu paylaşımı sosial şəbəkələrdə geniş rezonans doğurub. Onun rus bölmələrinin yalnız rusdilli əhali üçün saxlanılması, digər vətəndaşların isə Azərbaycan bölməsində təhsil almasının vacibliyi barədə çağırışı istifadəçilər arasında müxtəlif reaksiyalarla qarşılanıb.

Qeyd edək ki, Azərbaycanda rus bölmələrinin fəaliyyəti və gələcəyi mövzusu son illər ictimai-siyasi müzakirələrin əsas mövzularından biri olaraq qalır. Azər Həsrətin səsləndirdiyi bu təklif də həmin müzakirələrə yeni təkan verib.

Sara,

NOCOMMENT.az