“Apple” şirkəti özünün ilk qatlanan smartfonunun final dizaynını təsdiqləyib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə məşhur insayder Sonni Dikson özünün “X” sosial hesabında məlumat paylaşıb.
İnsayder artıq kütləvi istehsala gedəcək seriya versiyasına tam uyğun gələn “iPhone Ultra” modelinin maketinin fotolarını da yayımlayıb.
Dərc olunan görüntülərə əsasən, smartfonun daxili ekranında dairəvi kəsik daxilində yerləşdirilmiş ön kamera mövcud olacaq. Korpusun nazikliyi ilə bağlı məhdudiyyətlərə görə qatlanan smartfonda sifətin tanınması sistemi olan “Face ID” tətbiq edilməyəcək. Bunun əvəzinə “Apple” yan tərəfdəki yandırıb-söndürmə düyməsinə inteqrasiya olunmuş “Touch ID” barmaq izi skanerinə üstünlük verəcək.
İnsayder cihazın rəng seçiminə də xüsusi diqqət çəkib. Hazırda məlum olan bütün maketlər eksklüziv olaraq yalnız ağ rəngdə təqdim edilib. Bu isə şirkətin satışların startında yalnız bir rəng seçimi ilə kifayətlənəcəyi ehtimalını yaradır.
Sızan şayiələrə görə, “iPhone Ultra” modelinin qiyməti təxminən 2000 dollar təşkil edəcək. Belə yüksək qiymət smartfonda maye metaldan hazırlanmış xüsusi qatlanma mexanizminin və qatlanma xətti demək olar ki, görünməyən unikal ekranın istifadəsi ilə izah olunur.
Qeyd edək ki, “iPhone Ultra” modelinin rəsmi təqdimatı cari ilin sentyabrında, “iPhone 18 Pro” və “Pro Max” modelləri ilə eyni vaxtda gözlənilir. Çoxsaylı iddialara görə, baza versiyalı “iPhone 18” isə gələn ilin yazında ictimaiyyətə təqdim olunacaq.
Xatırladaq ki, bundan əvvəl “Apple” şirkətinin rekord tələbat fonunda “iPhone 17” modelinin istehsalını kəskin şəkildə artırdığı barədə məlumatlar yayılmışdı./KONKRET.az/











