Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov Türkiyə-Ermənistan sərhədlərinin nə vaxt açılacağına dair mühüm bəyanat verib. Səfir qardaş ölkənin "Cumhuriyet" qəzetinə müsahibəsində bildirib ki, sərhədlərin açılması Ermənistanda iyunun 7-nə təyin edilmiş parlament seçkilərindən və bundan sonra reallaşacaq konstitusiya dəyişikliklərindən sonra baş tutacaq.
NOCOMMENT.az xəbər verir ki, diplomat Türkiyənin Ermənistanla sərhədləri açmaq istədiyi, lakin Azərbaycanın buna qarşı çıxdığı barədə yayılan iddialara da aydınlıq gətirib. Səfir qeyd edib ki, Bakı və Ankara arasında bu məsələdə davamlı məsləhətləşmələr aparılır və Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesi Ermənistan-Azərbaycan normallaşmasına paralel şəkildə irəliləyir.
Rəşad Məmmədov vurğulayıb ki, iyunun 7-də keçiriləcək seçkilərdən sonra Ermənistan konstitusiyasında dəyişikliklər edilməklə Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması gözlənilir. Bunun ardınca isə ABŞ-da paraflanmış sülh müqaviləsi imzalanacaq. Səfirin sözlərinə görə, bu prosesin sonunda Türkiyə-Ermənistan sərhədi ilə yanaşı, Ermənistan-Azərbaycan sərhədləri də açılacaq.
Xatırladaq ki, Türkiyə ilə Ermənistan arasında İğdırdakı Əlican və Qarsdakı Akyaka olmaqla iki sərhəd-keçid məntəqəsi mövcuddur. Rəsmi Ankara bu məntəqələri 1993-cü ildə Kəlbəcərin işğalından sonra, BMT-nin Ermənistanı işğalçı kimi tanıyan qətnamələrinə əsaslanaraq bağlayıb. Qarabağ işğaldan azad edildikdən sonra – 2021-ci ilin sonundan etibarən tərəflər arasında normallaşma istiqamətində ehtiyatlı addımlar atılır.
Bu proses cari il aprelin 28-də Qarsda keçirilən Türkiyə-Ermənistan Birgə İş Qrupunun iclasından sonra yeni mərhələyə qədəm qoyub. Tərəflər 1993-cü ildən bəri istifadə olunmayan Qars-Gümrü dəmir yolunun bərpası və yenidən aktivləşdirilməsi barədə ilkin qərar qəbul ediblər. Bu xətt xüsusilə Ermənistanın Qərbə çıxışı, eləcə də Gürcüstan və Mərkəzi Asiyadan keçən marşrutlar üçün mühüm birləşdirici nöqtə hesab olunur.
Azərbaycan ilə Ermənistan arasında sülhün təməli isə 8 avqust 2025-ci ildə ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda keçirilən üçtərəfli sammitdə qoyulub. Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın iştirakı ilə qəbul edilən 17 maddəlik razılaşma suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin qarşılıqlı tanınmasını nəzərdə tutur. Lakin rəsmi Bakı və Ankara yekun sülhün imzalanmasını Ermənistanın əsas qanununda Azərbaycana qarşı ərazi iddialarının hüquqi olaraq ləğv edilməsi şərtinə bağlayıb. Türkiyənin xarici işlər naziri Hakan Fidan da ötən ilin noyabrında verdiyi bəyanatda Ankaranın yalnız İrəvan və Bakı arasında yekun sülh müqaviləsi imzalandıqdan sonra münasibətləri tam normallaşdıracağını bəyan etmişdi.
Sara,












