Paytaxtın Biləcəri qəsəbəsində yerləşən 298 saylı körpələr evində baş verdiyi iddia olunan hadisə cəmiyyətdə ciddi rezonans doğurub. İddialara görə, bağçanın müdiri Aysel Alməmmədova müəssisəyə rəsmi qeydiyyatdan kənar uşaqlar qəbul edib və sonradan vəziyyəti gizlətməyə çalışıb. Valideynlərin bildirdiyinə əsasən, bir neçə gün əvvəl bağçaya yoxlama gəldiyi üçün qeydiyyatsız uşaqlar müvəqqəti olaraq bağça əməkdaşlarının evlərinə göndərilib. Bu prosesin təxminən beş gün davam etdiyi, valideynlərin isə bundan tam xəbərsiz olduğu qeyd olunur.
Valideynlərin sözlərinə görə, həmin günlərdə onlara uşaqların bağçada olduğu, yatdığı və yemək yediyi bildirilib. Sonradan məlum olub ki, azyaşlılar bağça ərazisində deyil, müxtəlif əməkdaşların evlərində saxlanılıb. Bu fakt valideynlərdə ciddi narahatlıq və narazılıq yaradıb. Onlar bildirirlər ki, uşaqların harada və hansı şəraitdə saxlanıldığını bilmədən bağçaya etibar ediblər və bu, təhlükəsizlik baxımından qəbuledilməzdir.
Baş verən qalmaqal fonunda sual yaranır: özəl və dövlət uşaq bağçalarına nəzarət mexanizmləri nə dərəcədə effektivdir və bu cür hallar hüquqi baxımdan necə qiymətləndirilməlidir?
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan hüquqşünas Samirə Qasımova bildirib ki, uşaq bağçalarında qeydiyyatdan kənar uşaqların saxlanılması və xüsusilə onların valideynlərin xəbəri olmadan üçüncü şəxslərin evlərinə aparılması qanun pozuntusu hesab olunur.
Onun sözlərinə görə, bu cür hallar “Uşaq hüquqları haqqında” qanuna, eləcə də müvafiq sanitar, təhlükəsizlik və təhsil normalarına ziddir:
“Valideynin razılığı olmadan uşağın bağça ərazisindən kənara çıxarılması, xüsusilə qeyri-rəsmi ünvanlara aparılması uşağın təhlükəsizliyinə birbaşa təhdiddir. Əgər bu faktlar təsdiqini taparsa, məsul şəxslər inzibati, hətta müəyyən hallarda cinayət məsuliyyəti daşıya bilərlər”.
Hüquqşünas əlavə edib ki, valideynlər bu cür hallarla üzləşdikdə Təhsil Nazirliyinə, yerli icra strukturlarına və hüquq-mühafizə orqanlarına rəsmi müraciət etməlidirlər:
“Eyni zamanda, bağça rəhbərliyinin valideynləri bilərəkdən yanlış məlumatlandırması hüquqi baxımdan ayrıca qiymətləndirilməlidir”.
Hadisə ilə bağlı təhsil ekspertinin də rəyini aldıq. Ekspert Fuad Hacıyev problemin daha sistemli xarakter daşıdığını qeyd edib.
Onun sözlərinə görə, həm dövlət, həm də özəl uşaq bağçalarında nəzarət mexanizmləri mövcud olsa da, icra mərhələsində boşluqlar qalır:
“Bağçaların fəaliyyətinə planlı və qəfil yoxlamalar aparılır, lakin bəzi hallarda bu yoxlamalar formal xarakter daşıyır. Qeydiyyatdan kənar uşaqların qəbul edilməsi, normadan artıq qrupların formalaşdırılması və valideynlərlə qeyri-şəffaf münasibətlər bu boşluqların nəticəsidir”.
Ekspert vurğulayır ki, uşaq bağçaları təkcə təhsil müəssisəsi deyil, eyni zamanda uşaqların təhlükəsizliyinə cavabdeh olan sosial məkandır:
“Bu səbəbdən, nəzarət yalnız sənədlər üzərində deyil, real proseslər üzərində qurulmalıdır.
Bağçalarda elektron qeydiyyat sisteminin, valideynlər üçün açıq məlumatlandırma mexanizmlərinin və videomüşahidə nəzarətinin gücləndirilməsi bu cür halların qarşısını qismən ala bilər”.
“Hadisə bir daha göstərir ki, valideynlərin etibar etdiyi təhsil və tərbiyə müəssisələrində şəffaflıq və məsuliyyət məsələsi son dərəcə vacibdir. 298 saylı körpələr evində baş verən qalmaqal təkcə bir bağça ilə məhdudlaşmır, ümumilikdə uşaq bağçalarına nəzarət sisteminin yenidən gözdən keçirilməsinə ehtiyac olduğunu gündəmə gətirir”, – Fuad Hacıyev deyib.
Saytımıza müraciət edən valideynlər isə tələb edirlər ki, məsələ obyektiv şəkildə araşdırılsın və günahı olan şəxslər qanun qarşısında cavab versin.
Tunar










