Azərbaycan Prezidenti Cənab İlham Əliyevin televiziya kanallarına verdiyi son müsahibə sadəcə növbəti siyasi çıxış, yaxud ilin yekunlarına həsr olunmuş rəsmi söhbət deyildi. Bu müsahibə qələbədən sonrakı Azərbaycanın daxili hesabatı idi.
Bu, tarixdə nadir hallarda görünən bir məqamdır: döyüş meydanında qalib gəlmiş bir liderin sülh dövründə öz xalqına açıq dillə “indi ən çətin mərhələ başlayır” deməsidir.
Burada özünütərif yoxdur, özünü rahat buraxmaq yoxdur. Burada məsuliyyətin daha da ağırlaşdığını dərk edən dövlət başçısının tonu var.
Müsahibəni oxuduqca və ya dinlədikcə aydın olur ki, Prezident üçün müharibə səhifəsi bağlanıb, amma dövlət quruculuğu mübarizəsi yeni mərhələyə qədəm qoyub. Əgər Vətən müharibəsi Azərbaycanın gücünü dünyaya sübut etdisə, bu gün həmin gücün necə idarə olunacağı, necə qorunacağı və necə bölüşdürüləcəyi əsas sualdır. Və Prezident İlham Əliyev bu suala dolayısı yox, birbaşa cavab verir – məmur məsuliyyəti ilə.
Dövlət idarəçiliyi ilə bağlı söylədiyi fikirlər bu müsahibənin onurğa sütunudur. Prezident açıq şəkildə etiraf edir ki, bəzi təyinatlar onu məyus edib. Bu etiraf özü-özlüyündə böyük siyasi cəsarətdir. Çünki etiraf edir ki, sistem daxilində səhvlər var və bu səhvlər gizlədilmir. Bir ay əvvəl etimad göstərilən icra başçısının qısa müddət sonra vəzifədən uzaqlaşdırılması təkcə inzibati qərar deyil, cəmiyyətə verilən açıq mesajdır: dövlət başçısının etimadı şəxsi imtiyaz deyil, gündəlik imtahandır.

Prezidentin sözlərində xüsusi bir ağrı hiss olunur. Xüsusilə gənc kadrlarla bağlı dedikləri təsadüfi deyil. “Gəncdir, düzələr” yanaşmasının bu müsahibədə yeri yoxdur. Dövlət idarəçiliyində yaş yox, dəyər əsasdır. İnsanlara münasibət, rüşvətə meyl, öz vəzifəsinə xidmət kimi baxmaq – bütün bunlar kadrın yaşından asılı olmayaraq ölçülür. Prezident açıq şəkildə bildirir ki, problem nəsildə deyil, tərbiyədədir. Bu isə cəmiyyətə yönəlmiş çox ciddi mesajdır: məmur yalnız kabinetdə formalaşmır, ailədə, məktəbdə, küçədə formalaşır.
İctimai nəzarət mövzusu isə müsahibənin ən vacib və ən ümidverici hissələrindən biridir. Prezident açıq deyir ki, bir çox qərarlar məhz yerlərdən gələn siqnallar əsasında qəbul edilir. Bu, “xalq eşidilir” kimi şüar yox, işlək mexanizmin etirafıdır. Ən önəmlisi isə odur ki, bu siqnallar emosional qərarlarla yox, bir neçə qurum tərəfindən yoxlanılaraq təsdiqlənir. Bu detal dövlət idarəçiliyində ədalət meyarının qorunduğunu göstərir. Şəxsi qərəz, sifariş, kiminsə kimisə “vurması” bu mexanizmdə yer tapmır.
Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan xüsusi idarəetmə modeli də müsahibədə sadəcə texniki detal kimi yox, gələcəyin mümkün modeli kimi təqdim olunur. Prezident burada çox diqqətli danışır, amma mesaj aydındır: daha az məmur, daha çox məsuliyyət, daha çevik idarəçilik. Azad edilmiş ərazilərdə sınaqdan çıxan bu model artıq nəzəri yox, praktik reallıqdır. Onun gələcəkdə ölkənin digər bölgələrinə də tətbiq oluna biləcəyi fikri isə mövcud icra sisteminə ünvanlanan açıq xəbərdarlıqdır.
Müsahibənin ən emosional və ən dərin hissəsi isə torpaq mövzusudur. Prezident torpaqdan danışanda siyasətçi yox, bu yükü illərlə içində daşıyan bir insan kimi danışır. İşğal illərində torpaq itki idi, nisgil idi, qayıdış ümidi idi. Müharibə dövründə torpaq hər azad edilən kəndin adı idi, hər şəhidin can verdiyi yer idi. “Hər şəhidin şəhid olduğu yer torpaq idi mənim üçün” cümləsi bu müharibənin xəritələrdə yox, insan talelərində yazıldığını bir daha göstərir.
Prezidentin müharibəni vaxtında dayandırmaq qərarını itkilərlə əsaslandırması isə qələbəni romantikləşdirməyən lider mövqeyidir. Bu sözlərdən aydın olur ki, qələbə təkcə torpaqla yox, insan həyatı ilə ölçülüb. Və məhz buna görə bu gün torpaq anlayışı dəyişib. Prezident Qarabağa baxanda artıq yaralı torpaq yox, məhsuldar torpaq görür. Qara torpaq, əkin sahəsi, həyat potensialı. Bu, sülhün ən böyük qazancıdır.
Amma bu sülh arxayınlıq demək deyil. Prezident dəfələrlə vurğulayır ki, güclü olmaq, ayıq olmaq, hər an torpağı qorumağa hazır olmaq zəruridir. Torpaq qazanılır, amma onu qorumaq üçün güclü dövlət, dürüst idarəçilik və biganə qalmayan cəmiyyət lazımdır.
Bu müsahibə bir həqiqəti açıq şəkildə ortaya qoyur: qələbə yolun sonu deyil. Əsl sınaq indi başlayır. Dövlətin gücü döyüş meydanında sübut olundu. İndi həmin güc məmurun davranışında, ədalətli qərarlarda, ictimai etimadın qorunmasında sınanır. Prezident İlham Əliyevin bu çıxışı postmüharibə Azərbaycanın siyasi, mənəvi və idarəçilik manifestidir.
Elşən Həsənov,
NOCOMMENT.az informasiya portalının təsisçisi













