Astana şəhərində BMT-nin himayəsi altında keçirilən Regional Ekoloji Sammitdə (RES-2026) Xəzər dənizinin fəlakətli şəkildə çəkilməsi ilə bağlı aparılan müzakirələr nəticəsiz başa çatıb. Qazaxıstan prezidentinin təşəbbüsü ilə yaradılan bu platforma regionun ekoloji problemlərini həll etməli olsa da, beş sahilyanı dövlət arasında vahid konsensusun olmaması dənizin gələcəyini böyük sual altına qoyub.
NOCOMMENT.az xəbər verir ki, qazaxıstanlı ekoaktivist və “Save the Caspian Sea” hərəkatının təsisçisi Vadim Ni “haqqin.az” saytına verdiyi müsahibədə vəziyyətin kritik olduğunu bildirib. Onun sözlərinə görə, bəzi ərazilərdə sahil xətti 35 kilometr geri çəkilib, dənizin səviyyəsi isə 1977-ci ildən bəri ən aşağı həddə – mənfi 29 metrə düşüb.
“Dövri tərəddüd” bəhanəsi və Rusiyanın mövqeyi
Sammit göstərdi ki, ölkələr problemin səbəbləri barədə ortaq məxrəcə gələ bilmirlər. Bəzi tərəflər çəkilməni yalnız təbii dövri proseslərlə izah etməyə çalışsalar da, Azərbaycan tərəfi daha kəskin mövqe nümayiş etdirib. Bakı dənizin səviyyəsinin düşməsini Xəzəri suyun 80%-i ilə təmin edən Volqa çayının Rusiya ərazisində həddindən artıq tənzimlənməsi, yeni bəndlərin tikilməsi və kənd təsərrüfatı üçün həddindən artıq su götürülməsi ilə əlaqələndirir. Rusiya nümayəndə heyəti isə bu iddialarla razılaşmayaraq, əsas günahkarın iqlim dəyişikliyi olduğunu müdafiə edir.
Muxtar Babayevin sərt çağırışı: “Dumanlı müzakirələri dayandırın!”
Sammitdə ən konstruktiv və kəskin çıxışı Azərbaycan prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi və COP29-un prezidenti Muxtar Babayev edib. O, iştirakçıları “təbii dövrilik” haqqında mənasız müzakirələri dayandırıb konkret addımlar atmağa çağıran yeganə rəsmi şəxs olub. Digər iştirakçıların dənizin öz-özünə qalxmasını gözləmək taktikasının fonunda Azərbaycanın bu mövqeyi ciddi rezonans doğurub.
2036-cı ilə qədər gözləmək dənizin ölümü deməkdir
Vadim Ni vurğulayır ki, hazırda real fəaliyyət planı yoxdur və müzakirələrin 2036-cı ilə qədər uzanması ehtimalı var: “Bu, heç yerə aparmayan bir yoldur. Dəniz sürətlə quruyur və 10 ildən sonra hər hansı tədbir görmək artıq gec olacaq”. Ekspertin fikrincə, Xəzəri xilas etmək üçün Rusiya ilə Volqa sularının buraxılma qrafiki razılaşdırılmalı, yeni hidroloji tikililərə qadağa qoyulmalı və dəniz dibinin quruması nəticəsində yaranan duz fırtınalarının qarşısı alınmalıdır.
Ekoloji fəlakət təkcə dəniz faunasını deyil, sahilboyu şəhərlərin istilik, elektrik və su təchizatını da təhlükə altına qoyur. Çəkilən dəniz yatağından qalxan toksik tozlar minlərlə kilometr məsafəyə yayılaraq insanların sağlamlığına və kənd təsərrüfatına ağır zərbə vura bilər. Məlumata görə, Astana sammiti çərçivəsində Azərbaycan və Qazaxıstan nümayəndələri qapalı görüşdə Xəzər problemini ayrıca müzakirə ediblər ki, bu da iki ölkənin məsələyə daha ciddi yanaşdığının göstəricisidir.
Sara,
NOCOMMENT.az










