ABŞ, İsrail və İran arasında davam edən müharibə artıq 12-ci gününə daxil olub və qarşıdurmanın təsirləri Körfəz ölkələrində də hiss olunmağa başlayıb.
NOCOMMENT.az xəbər verir ki, regionun ən böyük turizm və maliyyə mərkəzlərindən biri hesab olunan Dubayda gündəlik həyat xeyli zəifləyib, şəhərin bəzi hissələri isə demək olar ki, boş qalıb.
Fevralın 28-də başlayan qarşıdurmadan sonra Iran ABŞ və İsrailin hərbi və nüvə obyektlərinə zərbələrinə cavab olaraq regionda genişmiqyaslı əməliyyatlara start verib. Tehran Yaxın Şərqdə yerləşən Amerika Birləşmiş Ştatlarının hərbi bazalarını hədəf alan raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirib. İran tərəfi həmçinin Qətər, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri ətrafındakı bəzi strateji nöqtələrin də hədəfə alındığını açıqlayıb.
Bölgədə neft obyektləri və logistika məntəqələrinin hədəfə alınması təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyəyə qaldırılmasına səbəb olub. Bir sıra ölkələrdə hava hücumundan müdafiə sistemləri aktivləşdirilib, bəzi hava məkanları isə müvəqqəti bağlanıb.
Artan təhlükəsizlik narahatlıqları səbəbindən Dubayda yaşayan bəzi xarici işçilər və turistlər şəhəri tərk etməyə başlayıblar. Xüsusilə beynəlxalq şirkətlərdə çalışan xarici mütəxəssislərin bir hissəsinin müvəqqəti olaraq öz ölkələrinə qayıtdığı bildirilir.
Şəhərin ən məşhur turizm məkanlarından olan “Jumeirah Beach”, “Dubai Marina” və şəhər mərkəzində adətən günün bütün saatlarında izdihamlı olan küçələrdə nəzərəçarpacaq səssizlik yaranıb. Otellərdə rezervasiyaların ləğvi və turizm fəaliyyətinin azalması da diqqət çəkir.
Dubaydan paylaşılan videolar və fotolar sosial mediada geniş yayılıb. Kadrlarda normalda turistlərlə dolu olan sahil gəzinti yerlərinin və ticarət mərkəzlərinin xeyli boş olduğu görünür. Bu görüntülər Körfəz regionunda müharibə ilə bağlı artan narahatlığın açıq göstəricisi kimi qiymətləndirilir.
Turan
NOCOMMENT.az













