ABŞ və İran arasında hərbi qarşıdurmanın ən kəskin mərhələyə qədəm qoyduğu bir vaxtda, Vaşinqtonun ali hərbi və kəşfiyyat rəhbərliyində görünməmiş xaos hökm sürür. Pentaqon rəhbəri Pit Heqsetin “generallar ovu” və MKİ rəhbəri Kaş Patelin sərxoşluq qalmaqalları Amerika dövlətçiliyinin sütunlarını sarsıdır.
NOCOMMENT.az xəbər verir ki, ABŞ-ın “müharibə naziri” Pit Heqset Hərbi Dəniz Qüvvələrinin (HDQ) naziri Con Felanı vəzifəsindən kənarlaşdırıb. Sülh dövründə bu, adi kadr rotasiyası kimi görünə bilərdi, lakin İranla birbaşa müharibə təhlükəsinin olduğu bir şəraitdə HDQ rəhbərinin qovulması hərbi ekspertləri şoka salıb.

Linkorlar xəyalı və “qısqanclıq” savaşı
Məlumata görə, Donald Tramp Felanın yeni nəsil döyüş gəmiləri — linkorların inşası proqramındakı fəaliyyətindən narazı qalıb. Trampın “dünyanın ən böyük və ən sürətli, indiyə qədər tikilənlərdən 100 dəfə güclü” olacağını iddia etdiyi bu gəmilər lazer silahları və hipersəs raketləri ilə təchiz edilməlidir. Lakin cəmi 13 aydır vəzifədə olan Felan bu planın reallıqdan uzaq olduğunu anladığı üçün Trampın qəzəbinə tuş gəlib. Halbuki, Felan seçki kampaniyası dövründə Trampın ən böyük donorlarından biri hesab olunurdu.
Lakin istefanın pərdəarxasında daha ciddi bir səbəb dayanır: Pit Heqsetin rəqabət qorxusu. Heqset HDQ nazirinin birbaşa prezidentlə ünsiyyət qurmasına dözə bilmir və onu öz nüfuzuna təhlükə hesab edirdi. Milli Qvardiyada cəmi mayor rütbəsinə qədər yüksələn və hərbi strategiya sahəsində heç bir uğuru olmayan Heqset, özündən daha təcrübəli generalları sistemdən kənarlaşdırmaqla məşğuldur. O, indiyə qədər Qərargah Rəisləri Birləşmiş Komitəsinin keçmiş rəhbəri Çarlz Braunu, quru qoşunlarının qərargah rəisi Rendi Corcu və HDQ-nin əməliyyat rəisi, admiral Liza Françettini vəzifələrindən qovub.

Bir dəqiqəlik telefon zəngi və 42 illik karyeranın sonu
Heqsetin idarəçilik üslubu daha çox intiqam və qəfil qərarlar üzərində qurulub. Məsələn, o, ordunun baş qərargah rəisi Rendi Corca zəng edərək, cəmi bir dəqiqəlik danışıq ərzində heç bir izahat vermədən onu işdən çıxardığını bildirib. 42 il orduya xidmət etmiş bir generalın belə bir münasibətlə üzləşməsi Pentaqon daxilində ciddi narazılıq yaradıb. Heqset, həmçinin vits-prezident Cey Di Vensə yaxınlığı ilə seçilən ordu naziri Den Driskollu da kənarlaşdırmağa çalışır, lakin hələlik yalnız onun ətrafını “təmizləməklə” kifayətlənir.

Sərxoş direktor: FKİ-də kompüter parolu krizi
Vaşinqtondakı xaos təkcə Pentaqonla bitmir. Federal Təhqiqat Bürosunun (FKİ) direktoru Kaş Patelin içki aludəçiliyi ABŞ-ın milli təhlükəsizliyini təhlükəyə atır. “The Atlantic” nəşrinin yazdığına görə, Patelin tabeliyində olan şəxslər dəfələrlə onu iş otağında huşsuz vəziyyətdə tapıblar. Hətta bir dəfə zənglərə cavab vermədiyi üçün onun qapısını qırmaq məcburiyyətində qalıblar.
Ən rüsvayçı hadisə isə Patelin sərxoşluqdan öz xidməti kompüterinin parolunu unutması və sistem tərəfindən bloklanması olub. Bu zaman panikaya düşən FKİ direktoru prezident Trampın onu işdən çıxardığını düşünərək hər kəsə zəng vurmağa və isterika keçirməyə başlayıb. Aprelin 21-də keçirilən brifinqdə jurnalistlərin “Həmin vaxt sərxoş idinizmi?” sualına Patel “Mən feyk medianın mafiyasına qulaq asmıram” deyərək cavab verməkdən yayınıb. Lakin şahidlər həmin brifinqdə də direktorun içkili olduğunu iddia edirlər.

İranla müharibənin taleyi kimlərin əlindədir?
İran tərəfi ABŞ-dakı bu daxili dağınıqlığı diqqətlə izləyir. Tehranın müharibəni ABŞ küçələrinə daşımaq təhdidləri fonunda, Amerika ordusunun “mayor” rütbəli bir nazir, daxili təhlükəsizliyin isə parolu unudan bir sərxoş tərəfindən idarə olunması böyük suallar doğurur. Ekspertlər xəbərdarlıq edirlər ki, hərbi elitanın bu cür deqradasiyası ABŞ-ın qlobal güc imicinə vurulan ən böyük zərbədir.
Trampın “daxili düşmənləri” təmizləmək adı altında apardığı bu kadr siyasəti, ordunun peşəkar nüvəsini məhv edir. Əgər İranla hərbi gərginlik açıq müharibəyə çevrilərsə, rəhbərlikdəki bu “alkoqol və intriqa” mühitinin nəticələri Amerika xalqı üçün fəlakətli ola bilər.
Sara,
NOCOMMENT.az










