Azərbaycanda püstə və onun tərkib hissəsinin daxil olduğu məhsulların qiymətində müşahidə olunan kəskin artım, qlobal bazardakı böhranın ölkə daxili bazarına birbaşa transferidir. Əgər hazırda bazarda yüksək keyfiyyətli püstənin bir kiloqramı 100 manat civarında təklif olunursa, bu, artıq məhsulun lüks seqmentə keçdiyinin göstəricisidir.
Əvvəlki dövrlərlə müqayisədə qiymətin 4 dəfə artması həm idxal xərclərinin yüksəlməsi, həm də regiondakı hərbi gərginlik səbəbindən logistik zəncirin qırılması ilə əlaqədardır. Azərbaycan bazarı üçün İran əsas tədarükçülərdən biri olduğu üçün, sərhəddəki və limanlardakı hər hansı ləngimə dərhal piştaxtalardakı qiymət etiketlərinə təsir edir.
Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan iqtisadçı ekspert Əli Cabbarov qeyd edib ki, püstə qiymətlərindəki bu rekord artım zəncirvari reaksiya yaradaraq digər qida məhsullarının da bahalaşmasına rəvac verəcək: “Püstə sadəcə çərəz deyil, o, qənnadı sənayesi üçün strateji xammaldır. Azərbaycanda geniş populyarlıq qazanan milli şirniyyatlarımızdan tutmuş, son ayların trendi olan bahalı şokoladlara qədər hər yerdə püstə istifadə olunur. Bir kiloqramı 100 manata qalxan xammal avtomatik olaraq tortların, paxlavaların və şokoladların maya dəyərini qaldırır. Bu isə o deməkdir ki, yaxın vaxtlarda biz şirniyyat mağazalarında və kafelərdə menyu qiymətlərinin yenidən baxılmasının şahidi olacağıq”.
Onun sözlərinə görə, bu artım təkcə püstə ilə məhdudlaşmayacaq və digər qoz-fındıq növlərinə də siraət edəcək: “Bazar iqtisadiyyatında bir məhsul hədsiz bahalaşdıqda, istehlakçı alternativlərə yönəlir. İnsanlar püstə baha olduğu üçün badam, fındıq və ya qoz ləpəsinə tələbatı artırırlar. Tələbatın bu cür kəskin yerdəyişməsi isə həmin ‘alternativ’ məhsulların da süni şəkildə bahalaşmasına gətirib çıxarır. Yəni püstənin 100 manat olması dolayı yolla qozun və fındığın da qiymətini yuxarı çəkir. Digər tərəfdən, logistik xərclərin artması İran və digər qonşu ölkələrdən gətirilən digər kənd təsərrüfatı məhsullarının — meyvə-tərəvəzin də daşınma xərclərini artırır ki, bu da ümumi inflyasiyanı sürətləndirən amildir”.
Əli Cabbarov vurğulayıb ki, mövcud vəziyyət yerli istehsalçıları və alıcıları çətin seçim qarşısında qoyur: “İstehsalçılar ya keyfiyyəti aşağı salıb püstəni daha ucuz əvəzləyicilərlə dəyişməli, ya da qiyməti artırıb satış həcminin düşməsinə razı olmalıdırlar. 100 manatlıq püstə qiyməti artıq bir ‘psixoloji baryerdir’ və bu, bazarda ciddi durğunluğa səbəb ola bilər. Əgər İrandakı gərginlik və logistik blokada yaxın aylarda həllini tapmasa, püstə tərkibli məhsullar kütləvi istehlakdan çıxaraq yalnız xüsusi sifarişlə hazırlanan premium məhsullara çevriləcək. Bu isə bütövlükdə qida sektorunda xərclərin optimallaşdırılması və qiymət artımı dalğasının davam etməsi deməkdir”.
Tunar,
NOCOMMENT.az









