Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İrəvandadır.
Ermənistan Xarici İşlər Nazirliyi bu barədə məlumat versə də, səfərin detallarını hələ ki açıqlamayıb.
Böyük ehtimalla Şahin Mustafayev Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət komissiyalarının görüşündə iştirak etmək üçün İrəvana səfər edib.
Xatırladaq ki, tərəfləri Dövlət komissiyalarının sədrləri qismində Baş nazir müavinləri Şahin Mustafayev və Mher Qriqoryan təmsil edirlər.
NOCOMMENT.az xəbər verir ki, Ermənistanın bəzi KİV-ləri növbəti dəfə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin personasına xüsusi diqqət ayırıblar.
Erməni mətbuatı Şahin Mustafayevin Ermənistanda doğulduğunu və orada orta məktəbə getdiyini bir daha xatırladıblar.
Qeyd edək ki, Şahin Mustafayev əslən Qərbi Azərbaycanın (indiki Ermənistan) Noyemberyan rayonunun Cucevan kəndindəndir. O, 1965-ci ildə həmin kənddə doğulub.
Ermənistan mətbuatı daha əvvəl Şahin Mustafayevin erməni dilində yaxşı danışa bildiyini iddia etmişdilər.
Məsələn, İrəvanda nəşr olunan “İravunk” qəzeti vaxtilə Şahin Mustafayevə orta məktəbdə dərs demiş Anuş Aleksanyanı danışdırmışdı. Keçmiş müəllimi Şahin Mustafayevin erməni dilini yaxşı bildiyini iddia etmişdi.
“O, 9-cu sinfə kimi həmin kəndin məktəbində təhsil alıb. 9-10-cu sinfləri isə Noyemberyan şəhərindəki 2 saylı məktəbində oxuyub. Bunun ardından İrəvana köçüblər. Üçüncü kursa kimi İrəvan Dövlət Universitetində təhsil alıb”, – deyə Anuş Aleksanyan Şahin Mustafayev haqqında bildirmişdi.
“İravunk”dakı həmin məlumatda qeyd edilmişdi ki, Anuş Aleksanyan təkcə Şahin Mustafayevə deyil, onun üç bacısına da dərs deyib.
Şahin Mustafayev isə Azərbaycan mediasına açıqlamalarında erməni dilini bildiyi barədə mövzuya heç vaxt toxunmayıb və iddialara aydınlıq gətirməyib. Onun rəsmi tərcümeyi-halında da erməni dilini bildiyi göstərilməyib.
İqtisadi inkişaf naziri işlədiyi zaman dərc olunmuş tərcümeyi-halında Şahin Mustafayevin rus və ingilis dillərini bildiyi göstərilmişdi.(modern.az)










