“Allergiya vaxtında müalicə olunmadıqda astmanın yaranmasına gətirib çıxara bilər”.
NOCOMMENT.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyeva deyib.
Onun sözlərinə görə, astma hallarının təxminən 60-80 faizi allergik mənşəlidir:
“Tənəffüs sistemi burun boşluğundan başladığı üçün burunda yaranan allergik proseslər aşağı tənəffüs yollarına keçərək bronxların tutulmasına və nəticədə astmaya səbəb ola bilər”.
Qeyd edib ki, burun axıntısı, burun tutulması, gözlərdə qaşınma və ara-sıra quru öskürək kimi şikayətlər olduqda allerqoloqa müraciət edilməlidir:
G.Əliyeva vurğulayıb k, əgər xəstədə nəfəs darlığı, pilləkən çıxarkən təngnəfəslik, gecə sinədə xışıltı və tez-tez öskürək kimi əlamətlər varsa, bu halda pulmonoloqa müraciət vacibdir. Həkimlər bronxların vəziyyətini qiymətləndirmək üçün spirometriya müayinəsi təyin edə bilərlər:
“Burun və tənəffüs yolları ilə bağlı şikayətlər eyni anda müşahidə olunursa, allerqoloq və pulmonoloqun birgə yanaşması vacib sayılır”.










