Meloninin Bakıda səsləndirdiyi İran narahatlığı - Önəmli detal

Meloninin Bakıda səsləndirdiyi İran narahatlığı - Önəmli detal

İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Bakı səfəri çərçivəsində Prezident İlham Əliyevlə İran ətrafındakı böhranı müzakirə etməsi Roma üçün regionun nə dərəcədə strateji əhəmiyyət kəsb etdiyini bir daha nümayiş etdirir. İtaliyanın İranla bağlı narahatlıqları həm geosiyasi sabitlik, həm də birbaşa iqtisadi təhlükəsizlik maraqlarından qaynaqlanır ki, bu da rəsmi Romanı bölgədəki proseslərdə aktiv tərəfə çevirir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Asif Əlioğlu qeyd edib ki, İtaliyanın Cənubi Qafqaz və Yaxın Şərq siyasətində Azərbaycanla məsləhətləşmələr aparması təsadüfi deyil: "İtaliya Avropanın enerji təhlükəsizliyində əsas qovşaqlardan biridir və İran ətrafında baş verən hər hansı hərbi eskalasiya birbaşa olaraq Aralıq dənizi hövzəsinə və enerji dəhlizlərinə təsir edir. Meloninin İranla bağlı böhranı vurğulaması, əslində İtaliyanın mümkün münaqişənin qlobal neft və qaz bazarlarında yarada biləcəyi dalğalanmalardan ehtiyat etdiyini göstərir. Xüsusilə, Azərbaycanın İranla uzun sərhədə və mürəkkəb tarixi münasibətlərə malik olması rəsmi Bakını Roma üçün ən etibarlı informasiya və analiz mənbəyinə çevirir".

Onun sözlərinə görə, İtaliyanı narahat edən digər mühüm faktor regionda idarəolunmaz miqrasiya dalğasının yaranma riskidir: "İran daxilində və ya ətrafında baş verəcək ciddi bir böhran milyonlarla insanın yerdəyişməsinə səbəb ola bilər ki, bu miqrasiya marşrutunun son dayanacağı məhz İtaliya sahilləridir. Meloni hökuməti üçün qeyri-qanuni miqrasiya ilə mübarizə daxili siyasətin əsas prioritetidir, buna görə də İranın sabitliyi Romanın milli təhlükəsizliyi ilə birbaşa bağlıdır.

Siyasi şərhçi onu da əlavə edib ki, İtaliya eyni zamanda regionda logistik marşrutların, xüsusilə Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin təhlükəsizliyində maraqlıdır: "İranla bağlı gərginlik bu beynəlxalq tranzit xətlərini iflic edə bilər ki, bu da İtaliyanın ticarət dövriyyəsinə ciddi zərbə deməkdir. Prezident İlham Əliyevin bu mövzuda fikirlərini dinləmək İtaliya üçün bölgədəki real riskləri xəritələndirmək baxımından müstəsna əhəmiyyət kəsb edir".

Tunar,
NOCOMMENT.az

Bizim Telegram səhifəsinə abunə olun