Rusiya Prezidenti Vladimir Putin faşizm üzərində Qələbə günü münasibətilə keçirilən tədbirlərdən sonra Ermənistanın xarici siyasət kursu ilə bağlı İrəvana açıq xəbərdarlıq mesajı ünvanlayıb. Kreml rəhbəri Baş nazir Nikol Paşinyanla son görüşündə səsləndirdiyi fikirləri təkrarlayaraq, Ermənistanın Avrasiya İqtisadi İttifaqı (AVİİ) ilə Avropa İttifaqı (Aİ) arasında konkret seçim etməli olduğunu bildirib. Putinin bu bəyanatı Moskva ilə İrəvan arasındakı münasibətlərin gələcək taleyi baxımından kritik bir dönəmə təsadüf edir.
Məsələ haqda NOCOMMENT.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Vladimir Putin bu dəfəki çıxışında mövzu ilə bağlı iki mühüm məqamı xüsusi vurğulayıb: "Rusiya Prezidentinin sözlərinə görə, İrəvan Avropa istiqamətini seçəcəyi təqdirdə Rusiya ilə 'yumşaq və mədəni ayrılıq' baş verəcək. Digər tərəfdən, Putin Paşinyana Ermənistanın Avropaya inteqrasiyası məsələsi ilə bağlı referendum keçirməyi təklif edib. Bu, əslində erməni cəmiyyətinə yönəlmiş bir təhdid mesajıdır. Putin xatırladır ki, Ermənistan AVİİ daxilində ciddi iqtisadi üstünlüklər əldə edib. Əgər referendumda xalq Aİ yolunu seçərsə, bu imtiyazlar, xüsusilə Rusiyanın Ermənistana satdığı ucuz qazın qiyməti dərhal itirilə bilər. Putin açıq şəkildə iqtisadi rıçaqları xatırladaraq cəmiyyətdə qorxu yaratmağa çalışır".

Politoloqun sözlərinə görə, Nikol Paşinyanın gələcək planları regional sabitlik və Qərblə yaxınlaşma üzərində qurulsa da, Moskvanın təzyiqləri bu prosesi çətinləşdirir: "Paşinyan parlament seçkilərində qələbə qazanarsa, ilk növbədə Konstitusiyanı dəyişdirib Azərbaycanla sülh sazişi imzalamağa, Türkiyə ilə sərhədlərin açılmasına və 'Tramp yolu' kimi tanınan kommunikasiya layihələrinin icrasına nail olmağa çalışacaq. Lakin reallıq budur ki, Ermənistan istəsə belə, qısa müddətdə Avropa İttifaqının üzvü ola bilməyəcək. Bunu həm İrəvan, həm də Moskva yaxşı anlayır. Putinin 'seçim et' tələbi Paşinyanı küncə sıxmaq və Ermənistandakı radikal müxalifətin əlini gücləndirərək daxili sabitliyi pozmaq məqsədi daşıyır".
Şərhçi qeyd edib ki, Rusiyanın bu sərt ritorikası Ermənistanın manevr imkanlarını daraltmağa yönəlib: "Kreml sahibi referendum təklifi ilə məsuliyyəti birbaşa erməni xalqının üzərinə atır. Əgər xalq Qərbi seçərsə, yaranacaq iqtisadi fəlakətin günahkarı kimi Paşinyan hakimiyyəti göstəriləcək. Bu, həm də sülh prosesi ərəfəsində Ermənistanın xarici siyasətində yaranmış ikitirəliyi sonlandırmaq üçün atılan strateji bir addımdır. Paşinyan üçün ən çətin sınaq həm Rusiyanın iqtisadi asılılığından qurtulmaq, həm də regionda yeni əməkdaşlıq formatlarını təmin etmək olacaq. Putinin xəbərdarlığı göstərir ki, Moskva Ermənistanın öz orbitindən çıxmasına 'mədəni' görünsə də, əslində çox ağrılı cavablar verəcək".
Tunar












