Ukrayna Pilotsuz Qüvvələr Komandanlığı tərəfindən həyata keçirilən son hərbi əməliyyat müharibənin gedişatında yeni bir mərhələnin başladığını göstərir. Aprelin sonlarında Rusiyanın Çelyabinsk vilayətində yerləşən "Şaqol" hərbi aerodromuna təşkil edilən unikal dron hücumu nəticəsində Rusiya Hərbi Hava Qüvvələrinin ən müasir texnikalarına ağır zərbə endirilib. İlkin məlumatlara və peyk görüntülərinə əsasən, hücum zamanı 4 döyüş təyyarəsi — ordunun "incisi" sayılan 2 ədəd Su-57 (beşinci nəsil qırıcı), 1 ədəd Su-34 bombardmançısı və modifikasiyası hələlik tam dəqiqləşdirilməyən daha bir "Su" seriyalı təyyarə ciddi zədələnib və ya sıradan çıxarılıb.
Məsələni NOCOMMENT.az-a şərh edən politoloq Şahin Cəfərli bildirib ki, bu hücumun həm hərbi-texniki, həm də psixoloji təsirləri olduqca böyükdür: "Bu əməliyyatda vurulan Su-57 təyyarələri Rusiya ordusu üçün xüsusi əhəmiyyət kəsb edir. Hazırda Rusiyanın arsenalında bu tip beşinci nəsil qırıcılardan cəmi bir neçə onluq sayda var və hər birinin itirilməsi və ya sıradan çıxarılması Moskva üçün milyardlarla dollar zərər və texnoloji nüfuz itkisidir. Digər mühüm məqam isə coğrafiyadır; Çelyabinsk Ukrayna sərhədindən təxminən 1700 kilometr uzaqlıqda yerləşir. Bu, Ukrayna PUA-larının mənzilinin və dəqiqliyinin artıq Rusiyanın dərinliklərindəki sənaye və hərbi ürəyinə çatmaq qabiliyyətində olduğunu sübut edir. Belə bir məsafədə hədəflərin vurulması o deməkdir ki, artıq Rusiya ərazisində heç bir strateji nöqtə tam təhlükəsiz deyil".
Politoloq həmçinin xatırladıb ki, Ukraynanın uzaqmənzilli zərbə imkanları son bir ildə sistematik olaraq artmaqdadır: "Xatırladaq ki, 2025-ci ilin iyununda da Ukrayna kəşfiyyatı bənzər unikal əməliyyatla Rusiyanın daxilindəki 4 müxtəlif aerodroma zərbə endirmiş və işğalçı dövlətin strateji aviasiyasının üçdə birini (təxminən 41 təyyarə) zədələmişdi. İndi isə 1700 kilometrlik hədəflərin — xüsusən də Su-57-lərin hədəfə alınması Rusiyanın hava hücumundan müdafiə sistemlərinin 'dərinliklərdə' ciddi boşluqlar verdiyini nümayiş etdirir. Əgər Ukrayna PUA-ları bu sürətlə inkişaf etməyə davam edərsə, Rusiya nəinki sərhəd bölgələrini, hətta Ural dağları ətrafındakı hərbi sənaye mərkəzlərini də qoruya bilməyəcək. Bu isə müharibənin Rusiya daxilində daha çox hiss olunmasına və Kremlin hərbi resurslarının ciddi şəkildə tükənməsinə səbəb olacaq".
Tunar,
NOCOMMENT.az











