Ankara hazır vəziyyətdə: Ölkədə nə baş verir?

Ankara hazır vəziyyətdə: Ölkədə nə baş verir?

Ankarada keçiriləcək və ABŞ Dövlət katibi Marko Rubionun "tarixin ən mühüm tədbiri" adlandırdığı NATO sammitinin başlamasına bir aydan az vaxt qalıb. Hazırda həm Türkiyə paytaxtında, həm də Alyansın Brüsseldəki qərargahında və üzv ölkələrin paytaxtlarında təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetirilir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və NATO Baş katibi Mark Ruttenin sədrliyi ilə keçiriləcək sammitdə ABŞ prezidenti Donald Tramp, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merts və bir çox digər yüksək rütbəli rəsmilər iştirak edəcəklər. Bu səbəbdən Ankarada təhlükəsizlik səviyyəsi artıq maksimum həddə çatdırılıb.

Liderlərin şəhərə təhlükəsiz gəlişini təmin etmək məqsədilə mühüm addım atılıb. NATO ölkələrinin rəhbərləri mülki "Esenboğa" hava limanından deyil, Etimesgutdakı hərbi aerodromdan istifadə edəcəklər. Bu hərbi obyekt sammitin keçiriləcəyi Prezident Kompleksindən (Külliyə) cəmi 7 kilometr məsafədə yerləşir. Səlahiyyətlilər yerli sakinlərin gediş-gəlişinə maneə yaratmamaq üçün bu qərarı qəbul ediblər. 1993-cü ildə tikilən və keçən ilin sonunda xüsusi olaraq bu sammit üçün təmirə bağlanan Etimesgut hərbi aerodromu tamamilə yenidən qurulub. Türkiyənin nəqliyyat naziri Əbdülqadir Uraloğlu bildirib ki, uçuş-enmə zolaqları ABŞ prezidenti Donald Trampın istifadə etdiyi "Air Force One" da daxil olmaqla böyük təyyarələri qəbul edə biləcək səviyyəyə gətirilib. Yenilənmiş aerodromun açılışı iyunun 15-də Prezident Ərdoğanın iştirakı ilə gözlənilir.

Sammit günlərində Türkiyə Hərbi Hava Qüvvələri və NATO-nun HHM sistemləri yüksək hazırlıq vəziyyətinə gətiriləcək. ABŞ və İran arasındakı müharibə dövründə Türkiyə ərazisində yerləşdirilmiş Amerikanın "Patriot" kompleksi iyunun sonunda Almaniyadan gələcək digər analoji komplekslə əvəz olunacaq. Ankarada təhlükəsizlik tədbirləri Daxili İşlər Nazirliyi və Təhlükəsizlik Baş İdarəsi tərəfindən koordinasiya edilir. Ankara valisinin elan etdiyi plana əsasən, Altındağ, Çankaya, Etimesgut, Gölbaşı, Keçiörən, Mamak, Pursaklar, Sincan və Yenimahalle rayonlarında fəaliyyət göstərən bütün dövlət qurumları və təşkilatları 6-12 iyul tarixlərində tətilə buraxılacaq. Sammit həftəsində Ankarada heç bir imtahan, simpozium, məzuniyyət gecəsi, festival və konsert keçirilməyəcək. Görüşlər Beştəpədəki Prezident Kompleksində, həmçinin Müdafiə və Xarici İşlər nazirliklərində baş tutacağı üçün şəhər mərkəzinin böyük hissəsi "həssas zona" elan ediləcək. Rəsmi nümayəndə heyətlərinin yerləşəcəyi 15 beşulduzlu otel də bu zonaya daxildir. Bir çox yollar nəqliyyatın hərəkəti üçün bağlanacaq. İyulun 1-dən 15-nə qədər bütün nümayiş və yürüşlər qadağan edilib. Sammit zamanı asayişin qorunmasına 40 min polis və jandarma əməkdaşı cəlb olunacaq.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Elçin Xalidbəyli qeyd edib ki, Ankarada reallaşacaq builki NATO sammiti sıradan bir diplomatik toplantı statusundan tamamilə çıxaraq, qlobal güclərin Yaxın Şərq və Ukrayna müharibələri fonunda yeni hərbi-strateji doktrinalarını elan edəcəkləri tarixi bir müdafiə platformasına çevrilir: "Xüsusilə ABŞ və İran arasında davam edən genişmiqyaslı hərbi toqquşmalar və Körfəz bölgəsindəki gərginlik fonunda sammitin regionun əsas mərkəzi olan Türkiyədə keçirilməsi böyük geosiyasi əhəmiyyət daşıyır. ABŞ Dövlət katibi Marko Rubionun bu sammiti 'tarixin ən mühüm tədbiri' adlandırması təsadüfi deyil; çünki Donald Tramp administrasiyası müttəfiqlərdən müdafiə xərclərini ÜDM-in rəsmi olaraq 5 faizinə çatdırmağı tələb edir və bu görüş Alyansın tamamilə müharibə və döyüş köklərinə qayıdış bəyannaməsi olacaq. Türkiyənin bu tədbir çərçivəsində öz hava məkanını qorumaq üçün 'Patriot' sistemlərini yeniləməsi və paytaxtı faktiki olaraq hərbi rejim səviyyəsində qapatması Ankaranın qlobal müdafiə ssenarilərində şərtləri diktə edən tərəf olduğunu nümayiş etdirir".

Siyasi şərhçinin sözlərinə görə, Türkiyə paytaxtının 9 böyük rayonunda bütün dövlət orqanlarının tətilə buraxılması və 40 minlik hərbi-polis qüvvəsinin cəlb olunması, sammit zamanı hibrid təhdidlərə və mümkün regional təxribatlara qarşı atılmış mükəmməl bir preventiv təhlükəsizlik həmləsidir: "Ankara çox yaxşı anlayır ki, Yaxın Şərqdə İranla, şimalda isə Rusiya ilə maraqların toqquşduğu bir dövrdə, NATO-nun bütün nüvə dövlətlərinin liderlərini eyni məkanda – Beştəpədə toplamaq həm də böyük təhlükəsizlik riskləri formalaşdırır. Liderlərin mülki Esenboğa hava limanından deyil, xüsusi olaraq yenidən qurulmuş Etimesgut hərbi aerodromundan birbaşa Külliyəyə yaxın məkana gətirilməsi həm strateji logistika, həm də sərnişin təhlükəsizliyi baxımından hərbi dühanın nümunəsidir. Tramp, Starmer, Makron və Merts kimi bir-biri ilə ciddi büdcə və geosiyasi ziddiyyətləri olan liderlərin Ankarada sülh və hərbi balans masasına oturdulması, rəsmi Ankaranın NATO daxilində Avropa ilə Amerika arasında yeganə konsolidasiyaedici və balanslaşdırıcı nəhəng hərbi güc mərkəzi olduğunu bütün dünyaya sübut edəcək".