Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Mingəçevir şəhər sakini, 50 yaşlı Sevinc İslamovanın cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
NOCOMMENT.az xəbər verir ki, məhkəmədə elan olunan hökmə əsasən, Sevinc İslamova 5 il müddətinə azadlıqdan məhrum edilib. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunub və o, məhkəmə zalındaca həbs edilib.
İttihama görə, Sevinc İslamova yaxın rəfiqəsi Sevinc Mustafayevanın etibarından sui-istifadə edərək onun oğlunun cinayət məsuliyyətindən xilas ediləcəyini və ya cəzasının yüngülləşdiriləcəyini vəd edib. Bu bəhanə ilə müxtəlif vaxtlarda zərərçəkmişdən ümumilikdə 65 min manat alıb.
İttiham materiallarına əsasən, İslamova pulu guya istintaqı aparan müstəntiqə, prokurora, hakimə və digər vəzifəli şəxslərə çatdıracağını bildirib.
Sevinc İslamova məhkəmədə ifadəsində zərərçəkmiş ailə ilə uzun illər ailəvi dost olduqlarını deyib. Onun sözlərinə görə, zərərçəkmişin oğlu Cavid bir müddət onların evində qalıb.
Təqsirləndirilən şəxs bildirib ki, polis əməkdaşları Cavidi aparmağa gələndə özü də polis bölməsinə gedib və orada Cavidin törətdiyi əməli etiraf etdiyini öyrənib.
İslamova deyib ki, sonradan işi aparan müstəntiqlə görüşərək Cavidin yaxın qohumu olduğunu desə də, müstəntiq buna inanmayıb. Daha sonra ailə dostu olduqlarını bildirib və Cavidə kömək göstərilməsini xahiş edib.
O, ifadəsində Cavidin azyaşlıya qarşı zorakılıq etməkdə ittiham olunduğunu, ailənin buna inanmadığını və onu xilas etmək üçün pul topladıqlarını bildirib. Lakin həmin pulların hansısa vəzifəli şəxsə verilməsi ilə bağlı heç kimlə danışıq aparılmadığını etiraf edib.
Zərərçəkmiş Sevinc Mustafayeva isə məhkəmədə emosional ifadə verib. O bildirib ki, oğlunun saxlanıldığını eşidən kimi Yevlaxdan Bakıya gəlib. Onun sözlərinə görə, əvvəlcə müstəntiqə pul təklif etmək istəsələr də, müstəntiq bunu qəti şəkildə rədd edib və onları otaqdan çıxarıb.
Mustafayevanın dediyinə görə, bundan sonra Sevinc İslamova ona istintaqın artıq həll olunduğunu deyərək müxtəlif bəhanələrlə pul istəməyə başlayıb. Əvvəlcə guya prokurora çatdırılmaq üçün 7 min manat, daha sonra 40 min manat, əlavə olaraq isə müstəntiqin "şirinlik" üçün istədiyini iddia etdiyi 8 min manat alıb.
Zərərçəkmiş bildirib ki, bu pulları toplamaq üçün qohumlarının qızıllarını girov qoyub, özü, bacısı və anasının adına kreditlər götürüb. Bundan əlavə, Sevinc İslamova ailəyə vəkil tutmağa ehtiyac olmadığını, Bakıya gəlməmələrini, bütün məsələləri özünün həll etdiyini deyərək onları uzun müddət arxayınlaşdırıb.
Lakin Bakı Ağır Cinayətlər Məhkəməsi Cavid barəsində 18 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.
Zərərçəkmiş deyib ki, bundan sonra da Sevinc İslamova onları ümidləndirərək apelyasiya instansiyasında cəzanın 7 il azaldılacağını deyib. Ancaq Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən qüvvədə saxlayıb.
Bundan sonra Sevinc Mustafayeva hüquq-mühafizə orqanlarına müraciət edib və aparılan istintaq nəticəsində Sevinc İslamova barəsində dələduzluq ittihamı irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsi Sevinc İslamovanı külli miqdarda dələduzluqda təqsirli bilərək ona 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. Hökmə əsasən, o, məhkəmə zalındaca həbs olunaraq cəzasını çəkmək üçün penitensiar müəssisəyə göndərilib./musavat.com











