Avropada arzulanmayan şəxs Bakıya gəlir: Növbədə bizikbackend

Avropada arzulanmayan şəxs Bakıya gəlir: Növbədə bizik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya xarici işlər naziri Sergey Lavrov iyunun 23-də Bakıya səfər edərək Prezident İlham Əliyev və azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşəcək.

Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinə görə Lavrovun adı da sanksiya tətbiq olunanlar siyahısındadır. Lavrov bu səbəbdən artıq Avropa ölkələrinə səfər edə bilmir, hətta onun təyyarəsi Rusiyaya dost ölkə hesab edilən Serbiyanın paytaxtı Belqrada enə bilmədi”.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bu barədə “Atlas” araşdırmalar mərkəzinin analitik təhlilində bildirilib.

Məqalədə qeyd edilib ki, Lavrov bu ay əvvəlcə Türkiyəyə səfər edib, oradan İrəvana keçib, indi növbə Bakınındır: “Bununla Lavrov guya Ermənistanla Azərbaycan arasında balansı qoruduğuna işarə verir. Lavrov xarici işlər naziri olduğu müddətdə Bakıya dəfələrlə gəlib. Ancaq bu səfərlər faydalı olmayıb. Çünki Kreml əvvəlkitək Cənubi Qafqazı təsiri altına saxlamaq istəyir, bölgə ölkələri ilə bərabərhüquqlu əməkdaşlığı qəbul etmir. Kremlin məntiqinə görə, Cənubi Qafqaz ölkələri xarici və təhlükəsizlik siyasətlərində Rusiyanın maraqlarını nəzərə almalıdırlar.

Rusiyanın Ukraynada apardığı işğalçı müharibə Kremlin hərbi və diplomatik resurslarını bu istiqamətdə xərcləməyə məcbur edir. Buna baxmayaraq, Kreml görüntü yaratmaq istəyir ki, Moskva o biri istiqamətləri də unutmur – Cənubi Qafqaz, Mərkəzi Asiya və Suriya onun üçün vacibdir.

Halbuki Rusiya bütün bu bölgələrdə qarşısında Türkiyə, Avropa İttifaqı və ABŞ-ı görür, hətta Çin belə Rusiya ilə tərəfdaş olmasına baxmayaraq, Rusiyadan yan keçən nəqliyyat dəhlizi ilə daha çox mal daşımağa başlayıb. Bu vəziyyət Kremli narahat etməyə bilməz”.

Təhlildə bildirilib ki, Lavrov Bakıda Ermənistanla sərhəd məsələsini, sülh sazişini və dəhlizin açılmasını müzakirə edəcək: “Bu istiqamətlərdə il yarımdır heç bir irəliləyiş yoxdur. Təsadüfi deyil ki, Prezident İlham Əliyev IX Bakı Qlobal Forumunda çıxışı zamanı Ermənistan baş nazirinin 10 noyabr bəyanatına zidd olaraq dəhlizin açılmasını ləngitdiyini, yenidən “Dağlıq Qarabağın statusu” mövzusundan daşıdığını bildirdi. Kreml öz vasitəçiliyi ilə qəbul edilən həmin bəyanatın yerinə yetirilməsini və İrəvanı doğru yola gətirmək üçün heç nə etmir. Lavrov İrəvanda olduğu zaman 10 noyabr bəyanatındakı bəndlərin yerinə yetirilməsinin vacibliyi barədə heç nə demədi.

Rusiyanın baş diplomatı Bakıda da ümumi sözlər deyib geri qayıdacaq. Bunun fonunda bölgədə Türkiyə, Avropa İttifaqı və ABŞ fəallaşır. Ankara, Brüssel və Vaşinqtondan Azərbaycana hər həftə rəsmilər və diplomatlar gəlir, əməkdaşlığın inkişafı yollarını müzakirə edirlər.

Bakı Türkiyə ilə yanaşı, ABŞ və Avropa İttifaqı ilə də əməkdaşlığın inkişafında maraqlıdır. Bölgənin zəif halqası Ermənistandır. İlham Əliyevin sözlərinə görə, 10 noyabr bəyanatını yerinə yetirməyən İrəvan Gürcüstanın vasitəçiliyinə də neqativ yanaşır. Halbuki Cənubi Qafqazın 3 dövləti öz aralarında dialoq və əməkdaşlığa başlasalar, Rusiyanın timsalında vasitəçiyə ehtiyac olmayacaq. Bu isə Kremlin maraqlarına cavab vermədiyinə görə İrəvanın əli ilə sülh quruculuğuna mane olmağa çalışır. Lavrovun səfəri məhz bu siyasətə xidmət edir”.