İllər əvvəl reklam olunan məhsullara qarşı insanlarda şübhə yaranardı, hətta “yaxşı məhsulun reklama ehtiyacı olmaz”, kimi deyim xalq arasında dolaşardı. Amma dövrümüzdə şərtlər dəyişib, indi hər kəs məhz reklam olunan məhsulları əldə etməyə çalışır. İnsanlar məhsul və xidmətlər barədə məlumatı əsasən reklam vasitəsilə əldə edir və çox zaman seçimlərini bu məlumatlara əsasən edirlər.
Lakin bəzi hallarda reklamlarda verilən məlumatlar həqiqəti tam əks etdirmir, şişirdilmiş və ya aldadıcı formada təqdim olunur. Bu isə təkcə yanıltmaqla bitmir, vətəndaşın maddi zərər görməsinə də səbəb olur.
Bəs bu istiqamətdə qanun nə deyir? Azərbaycanda şişirdilmiş, aldadıcı reklamlara qarşı cərimələr varmı?
Hüquqşünas Ayan Mirəliyeva sualı belə cavablandırdı ki, bu məsələləri reklam haqqında Azərbaycan Respublikasının Qanunu və İnzibati Xətalar Məcəlləsi tənzimləyir.
“Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 4.2-ci maddəsinə əsasən reklam əmtəə istehlakçılarının seçimini stimullaşdırmalı, onları aldatmamalı, çaşqınlıq hissi yaratmamalıdır.
Qeyd olunan tələblərə uyğun gəlməyən, verilən vəd ilə reallığın üst-üstə düşməməsi, o cümlədən əskik məlumatları əks etdirməsi, hətta rəqibi pisləyən reklamlar aldadıcı reklamlardır.
“Əgər reklamda məhsulun xüsusiyyətləri şişirdilib və alıcını yanlış yönləndirirsə, bu artıq hüquqi məsuliyyət yaradır. Lakin hər şişirtmə də aldadıcı sayıla bilməz. Nisbətən mübaliğəli reklamlar aldatma sayılmır. Məsələn, reklamda “Azərbaycanda ən rahat məkan bizdədir”, deyilirsə, hər nə qədər mübaliğəli olsa da aldatma sayılmır, bu öz məhsulunu qabartmaq deməkdir. Amma deyilsə ki, “bu qida əlavəsi allergiyanı 100 faiz sağaldacaq” bu artıq aldatmadır. Əvvəla reklam edən tərəf istehlakçının hansı səbəbdən bu xəstəliyə düçar olmasını bilmir, əlində analizi yoxdur. Üstəlik xroniki xəstəliklər 100 faizlik sağalmır, o zaman reklamçı alıcının bilgisizliyindən yararlanmış, malını sırımış olur”.
Hüquqşünas diqqətə çatdırdı ki, aldadıcı reklama görə, fiziki şəxslər 200-500 manat, vəzifəli şəxslər 800-1200 manat, hüquqi şəxslər isə 4000-6000 manat məbləğində cərimələnə bilərlər.//bizimmmedia










