Avtomobil bazarında son vəziyyət necədir?

Avtomobil bazarında son vəziyyət necədir?

Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) 2026-cı ilin iyun ayı üzrə açıqladığı Avtomobil İndeksinə görə, ölkənin avtomobil bazarında qiymət sabitliyi qorunub.

NOCOMMENT.az xəbər verir ki, palatadan Metbuat.az-a verilən məlumata görə, iyun ayında Avtomobil İndeksi 103,5 bənd təşkil edib. Göstərici may ayı ilə müqayisədə 0,6 % azalsa da, bu, kəskin ucuzlaşma deyil, bazarda qiymətlərin tarazlaşması ilə izah olunur.

Hesabat dövründə avtomobillərin median satış qiyməti 17 900 manat olub və əvvəlki ayla müqayisədə əhəmiyyətli dəyişiklik qeydə alınmayıb.

AQP bildirir ki, bazarın 91,8 %-ni ikinci əl avtomobillər təşkil edib. Bu isə alıcıların daha əlçatan qiymət seqmentinə üstünlük verməsi ilə əlaqələndirilir.

Model bölgüsündə sedan avtomobillər 46,3 % payla liderliyini qoruyub. SUV və krossoverlərin payı isə 26,9 %-ə yüksələrək artım tendensiyasını davam etdirib. Palatanın qiymətləndirməsinə görə, bu, istehlakçıların daha funksional və ailə istifadəsi üçün əlverişli avtomobillərə marağının artdığını göstərir.

İyun ayında satışa çıxarılan avtomobillərin orta yaşı 14,7 il, orta yürüşü isə 210 min kilometrdən bir qədər çox olub. Eyni zamanda, aktiv satış elanlarının sayı əvvəlki ayla müqayisədə 4,9 % azalaraq 41 192-yə düşüb.

AQP-nin proqnozuna əsasən, mövcud tendensiyalar fonunda yay aylarında avtomobil bazarında ciddi qiymət dəyişiklikləri gözlənilmir və Avtomobil İndeksinin 103–105 bənd intervalında dəyişəcəyi gözlənilir.