Azərbaycanda rəsmi nikahı pozulmadan faktiki olaraq ayrı yaşayan kifayət qədər insan var. Bu cür ailəvi böhranlarla üzləşən vətəndaşları ən çox maraqlandıran suallardan biri budur: rəsmən boşanmadan bir tərəf digərindən uşaqlar üçün aliment tələb edə bilərmi? Ümumilikdə bu məsələ ölkə qanunvericiliyi ilə necə tənzimlənir? Uşaqların böyüdülməsi, onların maddi və mənəvi təminatı üçün tərəflər qanun qarşısında hansı məsuliyyəti daşıyırlar?
NOCOMMENT.az xəbər verir ki, cəmiyyətdə geniş yayılmış yanlış stereotiplərdən biri də aliment öhdəliyinin yalnız rəsmi boşanma prosesindən sonra qüvvəyə minməsi ilə bağlıdır. Halbuki mövcud qanunvericilik və məhkəmə təcrübəsi tam fərqli bir hüquqi reallığı ortaya qoyur. Ailə daxilində yaranan konfliktlər səbəbindən tərəflərin rəsmi nikahda qala-qala ayrı-ayrı ünvanlarda yaşaması, uşaqların saxlanılması öhdəliyini ortadan qaldırmır. Valideynlərin birgə yaşayıb-yaşamasından və ya nikahın statusundan asılı olmayaraq, övladın yetkinlik yaşına çatana qədər normal böyüdülməsi, təhsil alması və təminatı hər iki tərəfin qanuni borcudur. Qanun qarşısında öhdəliklərini yerinə yetirməkdən yayınan valideynlərə qarşı ise rəsmi ayrılıq olmadan da ən sərt hüquqi mexanizmlər işə salına bilər.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan hüquqşünas Natiq Ələsgərov bildirib ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, valideynlər uşaqlarını saxlamaq öhdəliyini sərbəst şəkildə yerinə yetirmədikdə, rəsmi nikah davam etsə belə, uşağı saxlayan tərəf məhkəməyə müraciət edərək aliment tələb etmək hüququna malikdir: "Qanunvericilik birmənalı olaraq təsbit edir ki, nikahın pozulması faktının olmaması alimentin təyin edilməsinə heç bir hüquqi maneə törətmir. Əgər tərəflər rəsmən boşanmayıb, lakin ayrı yaşayırlarsa və valideynlərdən biri uşaqların maddi təminatında iştirak etmirsə, digər tərəf iddia ərizəsi ilə müvafiq rayon məhkəməsinə müraciət edə bilər. Məhkəmə iddiaçının müraciəti əsasında cavabdehin rəsmi gəlirlərinin müəyyən hissəsi (bir uşaq üçün qazancın dörddə biri, hai uşaq üçün üçdə biri, üç və daha çox uşaq üçün isə yarısı) və ya sabit pul məbləğində (ölkədə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu ekvivalenti əsas götürülməklə) aliment kəsilməsi barədə qərar çıxarır".
Natiq Ələsgərovun sözlərinə görə, uşaqların böyüdülməsində valideynlərin məsuliyyəti təkcə maddi təminatla bitmir, qanun qarşısında hər iki tərəf bərabər hüquq və vəzifələrə malikdir: "Valideynlik hüquqları uşaqların mənafeyinə zidd olaraq həyata keçirilə bilməz; övladın fiziki, psixoloji və mənəvi inkişafına qayğı göstərmək valideynlərin birbaşa məsuliyyətidir. Əgər ayrı yaşayan valideyn alimenti ödəməkdən boyun qaçırarsa, rəsmi nikahda olub-olmamasından asılı olmayaraq, İnzibati Xətalar Məclisi və Cinayət Məcəlləsinə uygun olaraq barəsində ölkədən çıxışa qadağa, sürücülük hüququnun məhdudlaşdırılması, hətta inzibati həbs və cinayət məsuliyyəti tətbiq olunur. Bu baxımdan, ayrı yaşayan vətəndaşlar rəsmi boşanma davası açmadan da övladlarının hüquqlarını qorumaq üçün məhkəmə instansiyalarına sərbəst şəkildə müraciət etməli, uşaqların gələcəyini şəxsi ambisiyaların tərkib hissəsinə çevirməməlidirlər".
Tunar,
NOCOMMENT.az











