ABŞ rəsmiləri İran ərazisinə yeni hücum dalğasının və Tehranın cavab hücumlarının bir aya qədər davam edə biləcəyini bildiriblər.
"Gözləntimiz ondan ibarətdir ki, TRIPP (“Tramp marşrutu”) layihəsi ilə bağlı yaxın vaxtlarda yeni xəbərlər olacaq". Bunu isə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib. Nazirin sözlərinə görə, TRIPP layihəsi istiqamətində ilk danışıqlar ABŞ və Ermənistanla aparılır. Lakin marşrutun həm giriş, həm də çıxış hissəsi Azərbaycan ərazisindədir. Ona görə amerikalı həmkarlarımız tərəfindən layihənin gedişi ilə bağlı məlumatlandırılırıq. Hazırda sənədləşmənin hazırlanması işləri aparılır.
Bəs müharibənin uzanması 'Tramp yolu'nun açılmasını yubada bilərmi? Bu arada 'Hraparak' erməni qəzeti yazıb ki, Moskva Paşinyan hökumətini Rusiya ilə AB arasında qəti seçim etməyə sövq edir. "Yeganə tələb TRİPP layihəsindən imtina etmək və Aİİ ilə oyun oynamaqdan əl çəkməkdir", - məqalədə qeyd olunur. ABŞ-İran savaşı, Kremlin təhdidi Zəngəzur dəhlizi üçün nə vəd edir?
NOCOMMENT.az xəbər verir ki, Cənubi Qafqazın geosiyasi taleyini və qlobal logistik xəritəsini müəyyən edəcək Zəngəzur dəhlizi ətrafında gərginlik qlobal güclərin açıq qarşıdurma poliqonuna çevrilib. ABŞ və Qərbin xüsusi dəstək verdiyi, rəsmi Bakının isə marşrut xəttinin giriş və çıxış coğrafiyasını diktə etdiyi TRIPP ("Tramp marşrutu") layihəsinin reallaşma ərəfəsi, regionu böyük hərbi-siyasi təhdidlərlə üz-üzə qoyur. Bir tərəfdən ABŞ-İran xəttində gözlənilən kəskin hərbi toqquşmalar və Tehranın bu logistik koridora qarşı aqressiv bəyanatları, digər tərəfdən isə Kremlin rəsmi İrəvana yönəlmiş kəskin ultimatumları Zəngəzur seqmentinin açılmasını ciddi risk altına salır. Moskvanın Paşinyan hökumətindən Qərb layihələrindən imtina etməsini kəskin şəkildə tələb etməsi, regionda kartların yenidən paylandığını göstərir.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Qabil Hüseynli qeyd edib ki, Zəngəzur dəhlizinin Qərb seqmenti sayılan TRIPP layihəsinin reallaşması həm Rusiyanın, həm də İranın regional maraqlarına sarsıdıcı zərbə vurduğu üçün Moskva və Tehran eyni vaxtda İrəvana qarşı hüquqi və siyasi təzyiq mexanizmlərini işə salıb: "Xarici işlər naziri Ceyhun Bayramovun bəyanatından da göründüyü kimi, Azərbaycan bu prosesdə əsas moderator və marşrutun sahibidir, çünki bu yolun həm girişi, həm də çıxışı bizim suveren ərazimizdədir. ABŞ və Ermənistanın bu layihə üzərində sənədləşmə aparması rəsmi Moskvanı birmənalı olaraq hövsələdən çıxarıb. Erməni mətbuatının ifşa etdiyi kimi, Kreml artıq Paşinyana ikili oyunlara son qoymaqla bağlı birbaşa ultimatum verib. Rusiya açıq şəkildə tələb edir ki, Ermənistan Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində öhdəliklərinə qayıtsın və ABŞ-ın diktə etdiyi 'Tramp yolu' layihəsini masadan rədd etsin. Çünki bu marşrutun ABŞ nəzarətində açılması Rusiyanın Cənubi Qafqazdakı hərbi-strateji təsir rıçaqlarının tamamilə sıfırlanması deməkdir".
Politoloqun sözlərinə görə, Yaxın Şərqdə alovlanan ABŞ-İran gərginliyi və regional müharibə riskləri də Zəngəzur dəhlizinin açılması prosesinə birbaşa təsir göstərir və Bakı bu riskləri peşəkarlıqla hesablayır: "İran ərazisinə gözlənilən yeni hücum dalğası və Tehranın cavab reaksiyaları təbii ki, regiondakı loqistik layihələri yubada bilər. İran hər vəchlə bu koridorun qarşısını kəsməyə, İrəvandakı səfiri vasitəsilə Bakıya tikanlı mesajlar ötürməyə çalışır. Lakin burada əsas düyün nöqtəsi Paşinyanın Kremlin təhdidləri qarşısında nə qədər dayana biləcəyidir. Rusiya Samvel Karapetyan və ya Qagik Çarukyan kimi oliqarxların taleyini belə göz ardı edərək, İrəvana qarşı iqtisadi-enerji sanksiyaları tətbiq etməyə hazırdır. Azərbaycan dövləti isə öz suveren maraqlarını qoruyaraq həm ABŞ, həm də digər aktorlarla prosesi elə idarə edir ki, hər hansı bir regional müharibə və ya Kremlin hədələri Bakının qlobal logistik qovşaq statusuna zərər vura bilməsin. 'Tramp yolu' gec-tez açılacaq, lakin bu keçid dövründə İrəvanın Moskva ilə Vaşinqton arasında poliqona çevrilməsi Ermənistanın dövlətçiliyi üçün ağır nəticələr verəcək".
Tunar,
NOCOMMENT.az











