Hazırda ən çox müraciət edilən biznes növlərindən biri də kirayə bağ evi biznesidir. Nəzərə alsaq ki, quru sərhədləri bağlıdır və insanlar daha çox maddi məsələlərə görə ölkə daxilində yay istirahətlərini keçirirlər. Buna görə də Bakı və rayonlarda kirayə mənzillərə tələbat gündən-günə artır. Əsasən də həftəsonları bağ evi və ya turizmin inkişaf etdiyi bölgələrdə bağ evləri kirayələməyə üstünlük verir insanlar. Bəs, bu biznesə yeni başlayanlar hansına üstünlük verməlidirlər. Rayonlarda daha çox sərf edir bu sahəyə yatırım etmək, ya Bakıda?
NOCOMMENT.az xəbər verir ki, quru sərhədlərində tətbiq olunan məhdudiyyətlərin davam etməsi və xarici turizm paketlərinin iqtisadi cəhətdən bahalaşması daxili rekreasiya (istirahət-əyləncə) bazarına kütləvi təkan verib. Cari ilin yay mövsümündə azərbaycanlı tətilçilərin böyük qismi büdcə və logistika səbəbindən ölkə daxilinə yönəlib ki, bu da günlük və aylıq bağ evi kirayəsi sahəsini ən gəlirli investisiya alətlərindən birinə çevirib. Həm Bakıətrafı qəsəbələrdə, həm də turizm profilli rayonlarda (Quba, Qusar, Qəbələ, İsmayıllı, Şəki) kirayə mənzil və villalara tələbat pik həddə çatıb. Bu tendensiya kapitallarını daşınmaz əmlaka yatırmaq istəyən investorlar qarşısında mühüm bir dilemman çıxarır: hansı bazar daha tez rentabellilik (mənfəətlik) vəd edir və üstünlüklər hansı tərəfdədir?
Məsələ ilə bağlı NOCOMMENT.az-a müqayisəli iqtisadi təhlili təqdim edən iqtisadçı ekspert Əli Cabbarov bildirib ki, hər iki bazarın özünəməxsus qiymət fərqləndirmələri, riskləri və iqtisadi marjası (mənfəət faizi) mövcuddur və yeni başlayanlar ilkin kapitalın həcminə görə seçim etməlidirlər: "Bakıətrafı (Mərdəkan, Şüvəlan, Bilgəh, Novxanı) bağ evləri bazarının ən böyük üstünlüyü mövsümün daha uzun olması və infrastruktur dayanıqlığıdır. Paytaxtda günlük kirayə villaların qiyməti minimum 150 manatdan başlayıb lüks seqmentdə 500-700 manata qədər yüksəlir, aylıq kirayə isə orta hesabla 3 000-15 000 manat arasında dəyişir. Bakıda investor üçün ilkin giriş kapitalı çox yüksəkdir — bu gün tələblərə cavab verən, hovuzlu müasir bir bağ evi qurmaq üçün ən azı 250 000-400 000 manat vəsait lazımdır. Lakin paytaxtın üstün cəhəti odur ki, bura yalnız yayda deyil, ilin bütün fəsillərində həftəsonları ad günləri, korporativlər və qısamüddətli istirahət üçün işləkdir. Yəni investisiyanın geri qayıtma müddəti (ROI) yüksək kapitalla başlasa da, daha stabildir".
Ekspertin sözlərinə görə, rayon bazarında isə vəziyyət fərqli iqtisadi mexanizmlərlə tənzimlənir və bura minimal kapitalla maksimum rentabellilik qazanmaq istəyənlər üçün əlverişlidir: "Şimal və Qərb bölgələrində lüks kottec və bağ evlərinin günlük kirayəsi 100 manatdan başlayıb 350 manatadək dəyişir. Rayonların üstünlüyü ondadır ki, torpaq və tikinti xərcləri Bakı ilə müqayisədə 50-60% daha ucuzdur. Yəni investor 120 000-150 000 manatlıq kapitalla turizm bölgəsində kifayət qədər cəlbedici bir bağ evi ərsəyə gətirə bilər. Lakin rayonların mənfi tərəfi kəskin mövsümilik amilidir; aktiv tələbat əsasən iyun-avqust aylarında və qışda qar yağanda müşahidə olunur. Həmçinin rayonlarda qaz, su, elektrik və rəqəmsal kommunikasiya xidmətlərində fasilələr yarana bilir ki, bu da müştəri məmnuniyyətinə mənfi təsir edir. Müqayisəli şəkildə desək, əgər sahibkarın böyük büdcəsi varsa və uzunmüddətli, stabil, amortizasiya riski az olan biznes istəyirsə, Bakı bağları idealdır. Əgər ilkin kapital məhduddursa və investor qısa müddətdə yüksək faizli gəlir faizi götürmək niyyətindədirsə, o zaman Quba-Qusar və ya Qəbələ xəttində rəqəmsal platformalar (Booking, Airbnb) vasitəsilə idarə olunan 'A-frame' tipli müasir kotteclərə yatırım etmək daha sərfəlidir".
Tunar,
NOCOMMENT.az











