ABŞ İrana qarşı hava zərbələrini yenidən bərpa edib. Maraqlıdır ki, iyulun 8-dəki hücum NATO-nun Ankara sammiti ilə eyni günə təsadüf edib. 'Axios' nəşrinin öz mənbələrinə istinadla yaydığı məlumata görə, ABŞ rəsmiləri İran ərazisinə yeni hücum dalğasının bir aya qədər davam edə biləcəyini bildiriblər.
'Onlar bizim zarafat etmədiyimizi başa düşsünlər', - rəsmi qeyd edib. Bu fonda NATO Baş katibi Mark Rütte Şimali Atlantika Alyansının İrana qarşı mümkün hərbi əməliyyatlarda iştirak edə biləcəyi barədə sözləri diqqət çəkir. Baş katib bildirib ki, İranın coğrafi olaraq NATO ərazisindən kənarda yerləşməsi Alyansın bu proseslərdə iştirak etməyəcəyi anlamına gəlmir. Rütte həmçinin vurğulayıb ki, NATO-ya üzv olan bütün dövlətlər İranın nüvə silahı əldə etməsini qəti şəkildə yolverilməz hesab edir və bu mövqedə həmrəydirlər. Niyə məhz bir ay? Türkiyənin İranla bağlı mövqeyi təxminən bəlli, bəs alyansın digər ölkələri müharibədə bu dəfə ABŞ-nin yanında yer alarsa, nəticə necə olar?
NOCOMMENT.az xəbər verir ki, NATO-nun Ankarada keçirilən 36-cı yüksək səviyyəli sammiti fonunda ABŞ hərbi qüvvələrinin İrana qarşı irimiqyaslı hava zərbələrini bərpa etməsi, Yaxın Şərqdəki gərginliyi qlobal müharibə fazasına keçirib. Vaşinqtonun Hörmüz boğazında gəmilərin təhlükəsizliyi və atəşkəs şərtlərinin pozulmasını bəhanə gətirərək başlatdığı bu yeni hərbi kampaniya, rəsmi Tehranı küncə sıxışdırmaq məqsədi daşıyır. Əsas şok effekti isə NATO-nun yeni Baş katibi Mark Rüttenin məhz Türkiyə paytaxtından İrana qarşı kollektiv hərbi müdaxilə ehtimalını açıq şəkildə masaya qoyması olub. Alyansın 32 üzvünün İranın nüvə proqramına və regional aqressiyasına qarşı nümayiş etdirdiyi bu yekdil və qətiyyətli hərbi ritorika, Tehranın indiyə qədər arxalandığı geosiyasi asimmetriyanı darmadağın edir.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Əli Əkbəroğlu qeyd edib ki, ABŞ-ın İrandakı 80-dən çox strateji hədəfə zərbələr endirməsi və Mark Rüttenin Ankaradakı bəyanatları, Qərbin artıq Tehran rejiminə qarşı təkbaşına deyil, kollektiv bir 'cəza maşını' kimi hərəkət edəcəyinin nümayişidir: "Ankara sammiti NATO daxilində ciddi hərbi sənaye və büdcə islahatlarının (5%-lik müdafiə xərcləri) müzakirə olunduğu bir vaxtda, Yaxın Şərqdəki bu partlayış alyansın cənub cinahını birbaşa hərəkətə gətirib. Rüttenin 'İranın NATO coğrafiyasından kənarda olması bizim prosesə müdaxilə etməyəcəyimiz anlamına gəlmir' tezisi, təşkilatın qlobal müdafiə doktrinasında böyük bir bəyanatdır. ABŞ rəsmilərinin 'bir aylıq yeni hücum dalğası' planlaması isə Tehranın HHM və SEPAH infrastrukturlarını tamamilə sıradan çıxarmağa, onun regional proksilərini (Bəhreyn və Küveytdə ABŞ bazalarına zərbə vuran qüvvələri) iflic etməyə hesablanıb. Əgər Qərb koalisiyası bu müharibədə rəsmən ABŞ-ın yanında tam hərbi kontingentlə yer alarsa, İranın həm iqtisadi, həm də hərbi müqavimət potensialı çökəcək və bu, Tehranda rejim dəyişikliyinə qədər gedən bir prosesin başlanğıcı olacaq".
Ekspertin sözlərinə görə, sammitin məhz Türkiyədə keçirilməsi və rəsmi Ankara ilə koordinasiyalı addımların atılması İran üçün ən böyük geosiyasi blokada siqnalıdır: "Türkiyə NATO üzvü olaraq Hörmüz boğazında dəniz naviqasiyasının azadlığını və İranın nüvə silahı əldə etməməsi prinsipini tam dəstəkləyir. Çünki regional nüvələşmə Türkiyənin öz təhlükəsizliyinə də təhdiddir. Digər tərəfdən, İranın son dövrlərdə Zəngəzur dəhlizinə qarşı çıxması, Cənubi Qafqazda sabitliyi pozmaq cəhdləri Ankaranın da səbrini tükəndirib. İndi ABŞ-ın zərbələrinə cavab olaraq İranın Küveytdəki Ali Al Salem və Bəhreyndəki ABŞ 5-ci donanmasının bazalarını hədəf alması Qərbə kollektiv müdafiə bəhanəsi verir. Bu dəfə ABŞ tək deyil, arxasında Böyük Britaniya, Fransa və digər alyans nəhənglərinin logistik və kəşfiyyat dəstəyi var. Əgər Tehran 'zarafat edilmədiyini' vaxtında anlamasa və nüvə ambisiyalarından geri çəkilməsə, növbəti bir ay ərzində İranın bütün nüvə mərkəzləri, neft terminalları və hərbi dəniz donanması NATO-nun rəqəmsal və konvensional raket yağışı altında tamamilə məhv ediləcək ki, bu da regional xəritəni kökündən dəyişəcək".
Tunar,
NOCOMMENT.az











