Bakı şəhərinin 2040-cı ilədək olan Baş Planının icrası çərçivəsində paytaxtın nəqliyyat infrastrukturunun yenidən qurulması, köhnə yaşayış fondunun yenilənməsi və sosial zonaların genişləndirilməsi məqsədilə irimiqyaslı söküntü və abadlıq mərhələsinə start verilir. Baş Plana uyğun olaraq, şəhərin tarixi mərkəzindən tutmuş kənar qəsəbələrinə qədər bir çox rayonda istismar müddətini bitirmiş və rəsmi aktla təsdiqlənmiş qəzalı binaların, eləcə də infrastruktur layihələrinin keçəcəyi zonalardakı tikililərin sökülməsi planlaşdırılır. İlkin mərhələdə Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsində yerləşən məşhur tikinti materialları bazarının və ətrafdakı kommersiya obyektlərinin köçürülməsi gündəmdədir. Paralel olaraq Yasamal, Nərimanov, Nəsimi, Xətai, Sabunçu, Suraxanı və Binəqədi rayonlarında aktiv proses gözlənilir. "Təzəpir" məscidi ətrafı, Zərgərpalan küçəsi, Bayıl qəsəbəsi istiqamətindəki fərdi evlər, habelə Ceyhun Hacıbəyli küçəsində, 1 saylı Kliniki Tibbi Mərkəzin ("Semaşko") ətrafında salınacaq yeni tramvay xəttinin trayektoriyasına düşən tikililər plana daxil edilib. Həmçinin Qış Parkının genişləndirilərək Nizami küçəsi ilə əlaqələndirilməsi layihəsi də mərkəzdəki söküntüləri sürətləndirəcək. Bu nəhəng köçürülmə fonunda vətəndaşları ən çox düşündürən əsas məsələ isə mənzil bazarındakı bahalaşma fonunda veriləcək kompensasiyaların həcmi və ödəniş mexanizmidir.
NOCOMMENT.az-a danışan tikinti sahəsi üzrə ekspert Camal Abuşov qeyd edib ki, Bakının müasirləşməsi və Baş Planın icrası qaçılmaz olsa da, söküntü zamanı vətəndaşlara ödənilən maliyyə vəsaitlərinin hesablanma qaydasında köklü islahatlara ehtiyac var: "Hazırda paytaxtda, xüsusən də Yasamal rayonu ərazisində bəzi layihələr üzrə kompensasiya məbləğinin hər kvadratmetr üçün əvvəlki 1500 manatdan 2700 manata qədər yüksəlməsi müsbət dinamikadır. Lakin mövcud bazar reallıqları fonunda bu rəqəm də mərkəz zonalarında sakinlərin eyni ərazidə mənzil tapmasına yetərli olmaya bilər. Qanunvericiliyə və şəffaflıq prinsiplərinə əsasən, kompensasiya məbləği hansısa inzibati icra qurumu tərəfindən birtərəfli və vahid şəkildə müəyyən edilməməlidir. Qiymətləndirmə prosesi tamamilə müstəqil qiymətləndirici şirkətlər tərəfindən, 'Qiymətləndirmə fəaliyyəti haqqında' qanuna uyğun aparılmalı və hər bir mülkün fərdi xüsusiyyətləri, yerləşdiyi infrastruktur mühiti mütləq nəzərə alınmalıdır".
Ekspertin sözlərinə görə, sakinlərin sosial təhlükəsizliyini qorumaq üçün ödənişlər sökülən əmlakın deyil, ərazinin gələcək dəyəri əsas götürülməklə həyata keçirilməlidir: "Ədalətli və sosial tarazlığı qoruyan ən doğru yanaşma ondan ibarətdir ki, söküntü aparılan zonada kompensasiya hesablanarkən həmin binanın köhnə bazar dəyəri yox, onun ən azı bir kilometrlik radiusunda yerləşən yeni tikililərdəki mənzillərin bir kvadratmetrinin faktiki satış qiyməti əsas götürülsün. Dövlət tərəfindən vətəndaşa elə bir maliyyə paketi və ya mənzil təminatı təklif olunmalıdır ki, sakinlər illərdir yaşadıqları, vərdiş etdikləri mərkəzi ərazilərdən şəhərin ucqarlarına köçmək məcburiyyətində qalmasınlar. Xüsusilə kiçik sahəyə malik mənzil sahibləri üçün kvadratmetr hesabı deyil, birbaşa otaq sayı ekvivalenti tətbiq edilməli, yaxud onlara yaxın zonalarda tikilən yeni binalardan hazır təmirli mənzillər təklif olunmalıdır. Yalnız bu halda söküntü prosesi həm şəhərsalma layihələrinin sürətli icrasına xidmət edər, həm də əhali arasında yarana biləcək kütləvi narazılıqların və sosial disbalansın qarşısını birdəfəlik alar".
Tunar,











