Bank kartlarından imtina edilir? - Verilən son qərardan sonra...

Bank kartlarından imtina edilir? - Verilən son qərardan sonra...

Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Fintex Assosiasiyası (AzFina) ödəniş xidmətlərindən sui-istifadə halları və risklərin minimallaşdırılması istiqamətində mühüm addım ataraq, ödəniş alətlərinə mədaxil əməliyyatları üzrə risk əsaslı yeni yanaşmanın tətbiqinə dair razılıq əldə ediblər. Son illərdə ölkəmizdə rəqəmsal maliyyə xidmətlərinin sürətlə genişlənməsi, nağdsız hesablaşmaların həcminin artması və innovativ ödəniş həllərinin tətbiqi ekosistemi gücləndirsə də, eyni zamanda bu sahədə təhlükəsizlik və tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsini zəruri edib.

Qəbul edilən yeni qaydalara əsasən, hər bir ödəniş xidməti istifadəçisinə məxsus ödəniş aləti üzrə gündəlik maksimum 5 sayda, aylıq isə 20 min manatadək mədaxil əməliyyatlarının həyata keçirilməsi nəzərdə tutulur, həmçinin banklar və elektron pul təşkilatları tərəfindən müştərilərin hər hesabına bağlı yalnız bir ödəniş alətinin verilməsi müəyyənləşdirilir. Bununla belə, tətbiq olunan bu mexanizm tamamilə risk əsaslı olduğundan vətəndaşların sağlam xarakterli əməliyyatlarını məhdudlaşdırmır; belə ki, şəxslərin özlərinə və yaxın qohumlarına aid ödəniş alətləri üzrə mədaxillər, eləcə də müvafiq əsaslandırmalar və risk profilinə uyğun məlumatlar təqdim edildiyi hallarda hər hansı limit tətbiq olunmayacaq və zərurət yaranarsa əlavə ödəniş alətlərinin verilməsi təmin ediləcək.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan iqtisadçı ekspert Əli Cabbarov qeyd edib ki, bank və fintex sektorunda tətbiq olunan bu cür risk əsaslı mədaxil limitlərinin həm iqtisadi təhlükəsizlik baxımından mühüm üstünlükləri, həm də praktiki tətbiqdə yarada biləcəyi müəyyən çətinliklər mövcuddur: "Məsələnin müsbət tərəfi odur ki, rəqəmsal mühitdə maliyyə cinayətkarlığına, çirkli pulların yuyulmasına, qanunsuz köçürmələrə və dələduzluq sxemlərinə qarşı mübarizədə bu cür qabaqlayıcı mexanizmlər son dərəcə zəruridir; çünki son dövrlərdə ödəniş alətlərindən sui-istifadə halları artıb və bu limitlər kölgə iqtisadiyyatının qarşısının alınmasında mühüm filtr rolunu oynayacaq".

Onun sözlərinə görə, yeni qaydaların mənfi və ya riskli tərəfi isə xüsusilə kiçik sahibkarlar və gündəlik nağdsız dövriyyə ilə işləyən fiziki şəxslər üçün bürokratik əngəllərin yarana bilməsi ehtimalıdır: "Bəzən vətəndaşlar qanuni fəaliyyət göstərsələr belə, tələb olunan əsaslandırmaların təqdim edilməsi prosesində operativlik problemi yaşaya bilərlər ki, bu da dürüst müştərilərin gündəlik əməliyyatlarına müəyyən mənfi təsir göstərə bilər; buna görə də banklar bu limitləri tətbiq edərkən çevik işləməli və sağlam əməliyyat aparan vətəndaşları əsassız çətinliklərlə üz-üzə qoymamalıdırlar".