Səudiyyə Ərəbistanının təşəbbüsü ilə Qırmızı dənizdəki təhlükəsizlik risklərinə qarşı təsis edilməsi planlaşdırılan Çoxmillətli Dəniz Müdafiə İttifaqına Türkiyə də daxil olmaqla 14 dövlət dəstək nümayiş etdirib. Buna baxmayaraq, Anqaranın hələlik təşkilata rəsmi olaraq qoşulmadığı, hüquqi çərçivə və vəzifə bölgüsü üzrə texniki danışıqların aparıldığı bildirilir.
NOCOMMENT.az xəbər verir ki, qarşıdan gələn dövrdə fəaliyyətə başlaması nəzərdə tutulan ittifaqın əsas məqsədi Qırmızı dəniz, Ədən körfəzi və Bab əl-Məndəb boğazı xəttində hərəkət edən ticarət gəmilərinin təhlükəsizliyini təmin etməkdir. Səudiyyə Ərəbistanının ev sahibliyi ilə baş tutan müzakirələrdə onlarla ölkə və beynəlxalq qurum təmsil olunub.
İyulun 30-da Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilən toplantıya onlayn formatda qoşulanlar da daxil olmaqla ümumilikdə 51 ölkə qatılıb. Yekun bəyannamədə Türkiyə və Səudiyyə Ərəbistanı ilə yanaşı, Misir, İordaniya, Pakistan, Bəhreyn, Küveyt, Qətər, Sudan, Cibuti, Somali, Banqladeş, Nigeriya və Yəmənin rəsmi hökuməti olmaqla 14 tərəf yeni müdafiə mexanizminə dəstək ifadə edib.
Diplomatik mənbələr qeyd edir ki, Türkiyə ortaq bəyanatı dəstəkləsə də, rəsmi tərəflik və təşkilati prosedurlar üçün zəruri olan hüquqi və texniki proseslər hələlik yekunlaşmayıb. Ankara enerji təchizatı təhlükəsizliyini və beynəlxalq dəniz yollarının qorunmasını strateji prioritet hesab edir, bu səbəbdən yaradılacaq mexanizmin beynəlxalq hüquq və regional tarazlıqlar çərçivəsində formalaşmasına xüsusi əhəmiyyət verir.
Təşəbbüsə əsasən, qurulacaq koalisiyanın əsas qərargahı Ər-Riyadda yerləşəcək və Səudiyyə Ərəbistanı qurucu lider ölkə qismində çıxış edəcək. İştirakçı dövlətlərin daxili milli təsdiq prosedurlarını başa çatdırmasından sonra ittifaqın tüzük sənədinin imzalanması və tamhüquqlu fəaliyyətə başlaması planlaşdırılır. Yeni struktur ticarət gəmilərinə edilən hücumların qarşısının alınması, kəşfiyyat məlumatlarının mübadiləsi və qlobal logistik zəncirin qorunması istiqamətində addımlar atacaq.
Sara,










