Ötən gün ABB, AccessBank, ExpressBank, Yelo Bank və digər bankların müştərilərinin kart hesablarından vəsaitlərin yoxa çıxması ölkənin maliyyə-bank sektorunda ciddi narahatlıq və müzakirələrə səbəb olub. Sözügedən bankların əsas ortaq cəhəti onların hamısının "Azərikard" prosessinq mərkəzinə bağlı olmasıdır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə IT sahəsi üzrə mütəxəssis Osman Gündüz bildirib. Onun sözlərinə görə: "Banklardan əldə etdiyim məlumatlar, müşahidələrim və Mərkəzi Bankın açıqlaması göstərir ki, baş verənlər böyük ehtimalla kiberhücum deyil. Silinmələr təsadüfi deyil, real əməliyyatların təkrarıdır. Vəsaitlər dərhal geri qaytarılır, balanslar avtomatik bərpa olunur. Bu, oğurluğun yox, dublikasiyanın olduğunu göstərir. Yəni 'pulu aparan' kənar, yaxud kiber müdaxilə deyil, bankların öz informasiya sistemidir".
Ekspertin qənaətinə görə, bir neçə müstəqil bankın eyni anda eyni problemlə üzləşməsi yalnız ortaq bir halqa ilə izah oluna bilər və bu zəncirdə ortaq element "Azərikard" prosessinqidir. Mərkəzi Bankın öz infrastrukturunda problem olmadığını birmənalı açıqladığını xatırladan Osman Gündüz qeyd edib ki, hesablaşma zəncirindəki anomaliyanın dərhal aşkarlanıb bloklanmaması, kritik qurumda müvafiq mexanizmlərin ya olmadığını, ya da təkmil olmadığını göstərir.
O, baş vermiş texniki nasazlıqla bağlı daha ciddi tədbirlərin görülməsinin vacibliyini vurğulayıb: "Problem ABB-də, yaxud digər banklarda deyil, məhz Mərkəzi Bankın nəzarəti və lisenziyası altında işləyən qurumda – 'Azərikard'-da yaranıb. Ümid edirəm, Mərkəzi Bank hadisəni araşdırıb ciddi audit təşkil edəcək. Banklardan isə zərər çəkənlərə qarşı həssaslıq gözlənilir".
Sara,
NOCOMMENT.az












