Türkiyədə yerli özünüidarəetmə orqanlarında korrupsiya və rüşvətxorluq iddiaları ilə bağlı genişmiqyaslı hüquq-mühafizə tədbirləri keçirilib. İstanbul mərkəzli olmaqla dörd vilayəti əhatə edən əməliyyatlar nəticəsində onlarla şəxs, o cümlədən yüksək vəzifəli bələdiyyə rəsmiləri barəsində həbs qərarları verilib.
NOCOMMENT.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyatların əsas hədəfi Adalar Bələdiyyəsi olub. İstintaq çərçivəsində 47 nəfər barəsində həbs qərarı çıxarılıb. Aparılan reydlər nəticəsində Adalar Bələdiyyəsinin sədri Əli Ercan Akpolat da daxil olmaqla 41 şübhəli şəxs saxlanılaraq istintaqa cəlb edilib.
Eyni zamanda, hüquq-mühafizə orqanları Mersin vilayətində də analoji addımlar atıb. Silifke Bələdiyyəsinə qarşı keçirilən əməliyyat zamanı bələdiyyə sədri Mustafa Turqut və digər rəsmilər haqqında müvafiq tədbirlər görülüb.
İstintaqın ilkin məlumatlarına görə, sözügedən bələdiyyələrdə tikinti icazələri, tenderlərin keçirilməsi və büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı rüşvət sxemlərinin qurulduğu ehtimal edilir. Türkiyə Daxili İşlər Nazirliyi və prokurorluq orqanları tərəfindən həyata keçirilən bu əməliyyatların digər bölgələrə də genişlənə biləcəyi istisna olunmur.
Sara,
NOCOMMENT.az







