Türkiyədə azərbaycanlı iş adamının yaşadığı evdə cansız bədənin tapılması ilə bağlı təfərrüatlar üzə çıxıb.
NOCOMMENT.az xəbər verir ki, İstanbulun Qaziosmanpaşa rayonunda qeydə alınan hadisə zamanı məlum olub ki, evdə cəsəd bir həftə qalıb. Qonşuların bloklara yayılan qoxudan şübhələnərək polisə müraciət etməsindən sonra hüquq-mühafizə orqanları mənzilin qapısını açaraq azərbaycanlı iş adamının meyitini aşkar ediblər. Aparılan araşdırma zamanı mənzilin hər yerində qan izlərinin olması diqqət çəkib.
Hadisənin ən şokeedici məqamlarından biri odur ki, həmin evdə mərhumun psixoloji problemləri olduğu bildirilən bacısı çarpayıda yatmış vəziyyətdə olub və o, bir həftə ərzində cəsədlə eyni evdə yaşayıb. Qadın dərhal evdən çıxarılaraq təcili tibbi yardım müəssisəsinə yerləşdirilib.
Əldə edilən məlumata görө, 1977-ci il təvəllüdlü Rövşən Zeynalovun nəşi ailəsinə təhvil verilib və bu gün Azərbaycana gətiriləcək.
Qeyd edək ki, mərhum Rövşən Zeynalov əslən Qubadlı rayonunda anadan olub. O, Türkiyədə ayaqqabı biznesi ilə məşğul olan iş adamı olub. Araşdırmalar zamanı məlum olub ki, o, məşhur tiktoker “Bəniz” ləqəbli Aybəniz Xəlilovanın həyat yoldaşıdır. Cütlüyün bu evlilikdən Mətin adlı övladları var.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən genişmiqyaslı araşdırmalar davam etdirilir. İstintaqın gedişatından asılı olaraq əlavə məlumat veriləcək.
NOCOMMENT.az Rövşən Zeynalovun fotosunu əldə edib. Həmin fotonu oxuculara təqdim edirik:
Qeyd edək ki, məlumatı ilk olaraq unikal.az saytı yayıb.












