Boşanmaq istəyən qadınlar üçün TƏHLÜKƏ - Belə davam edərsə...

Boşanmaq istəyən qadınlar üçün TƏHLÜKƏ - Belə davam edərsə...

Sabunçu rayonunda boşanmaq istəyən gəlinin bıçaqlanması ilə nəticələnən hadisə cəmiyyətdə qadın təhlükəsizliyi məsələsini yenidən kəskin şəkildə gündəmə gətirib. Əldə edilən məlumata görə, 1997-ci il təvəllüdlü D.Əsgərovaya kəsici-deşici alətlə xəsarət yetirilməsi ilə bağlı polisə məlumat daxil olub və hadisəni törətməkdə şübhəli bilinən əri — 1990-cı il təvəllüdlü N.Əsgərov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib. Əsrlər boyu qadın hüquqlarının qorunması və onların təhlükəsizliyinin təmin olunması istiqamətində çağırışlar səslənsə də, təəssüf ki, ailədaxili zorakılıq və təzyiqlərlə üzləşən bir çox qadın hələ də ictimai qınaq, qorxu və təqiblərdən çəkinərək boşanmağa cəsarət edə bilmir. Rəsmi statistikaya görə, ölkədə demək olar ki, hər 25 dəqiqədən bir boşanma qeydə alınır ki, bu da ailə institutundakı böhranın miqyasını göstərir. Lakin məsələnin yalnız hüquqi deyil, həm də dərin sosial və psixoloji tərəfləri var.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan sosioloq Kamil Məcidli qeyd edib ki, boşanmaq istəyən qadınlara qarşı töradilən cinayətlərin və şiddət hallarının kökündə patriarxal təfəkkürün doğurduğu mülkiyyətçilik instinkti dayanır: "Cəmiyyətdə hələ də qadını müstəqil fərd kimi deyil, ailənin mülkiyyəti kimi qəbul edən təfəkkür forması qalmaqdadır və qadın boşanmaq, həyatını təkbaşına qurmaq hüququndan istifadə etmək istədikdə, bəzi aqressiv şəxslər bunu öz “nüfuzuna” zərbə kimi qiymətləndirərək şiddətə əl atırlar".

Onun sözlərinə görə, mövcud stereotiplər və qadınların sosial-iqtisadi müstəqilliyinin zəif olması onları ailədaxili zorakılıq qarşısında müdafiəsiz qoyur: "Əgər biz cəmiyyətdə boşanmalara və qadınların azad iradəsinə qarşı olan bu aqressiv münasibəti kökündən dəyişmək istəyiksə, ilk növbədə cəzasızlıq mühiti aradan qaldırılmalı, qadınların hüquqi müdafiə mexanizmləri gücləndirilməli və maarifləndirmə işləri ən aşağı təbəqələrə qədər aparılmalıdır".