Abşeron rayonunda 46 yaşlı kişi həyat yoldaşını qanunsuz azadlıqdan məhrum etməkdə ittiham olunub.
NOCOMMENT.az xəbər verir ki, Tovuz rayon sakini, 1980-ci il təvəllüdlü Xəlil (ad şərtidir – red.) həyat yoldaşı Ləmanın (ad şərtidir – red.) mobil telefonunda olan "Xena" proqramı vasitəsilə tanımadığı şəxslərlə ünsiyyət saxladığını öyrənib.
Bundan sonra qısqanclıq zəminində həyat yoldaşını "cəzalandırmaq" qərarına gəlib. Bu məqsədlə mağazadan bir ədəd zəncir və iki ədəd qıfıl alıb.
Hadisə 2025-ci il oktyabrın 28-də, saat 16:00 radələrində baş verib. Xəlil yaşadığı evə gələrək həyat yoldaşını döyüb, ona müxtəlif xəsarətlər yetirib. Mübahisə zamanı Ləmanın sosial şəbəkədə digər şəxslərlə ünsiyyət saxladığını etiraf etməsindən sonra Xəlil aldığı zəncir və qıfıllardan istifadə edərək qadının sol ayağını yataq otağındakı çarpayının dəmir hissəsinə bağlayıb.
Nəticədə Ləmanın sol baldır nahiyəsində sağlamlığa zərər vurmayan sıyrıqlar əmələ gəlib, onun sərbəst hərəkət etmək imkanı tam məhdudlaşdırılıb. Qadın təxminən beş saat ərzində adam oğurluğu ilə əlaqədar olmayan qanunsuz azadlıqdan məhrum edilib.
Faktla bağlı Xəlilin barəsində Cinayət Məcəlləsinin 145.1-ci (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Xəlil ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Abşeron rayonunun Qobu qəsəbəsində yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır:
"2005-ci ildə həmkəndlim Ləmanla ailə həyatı qurmuşam. Bu nikahdan iki qızımız dünyaya gəlib. Təxminən bir il əvvəl böyük qızımız universitetə qəbul olunduğu üçün ailəliklə Tovuzdan Qobu qəsəbəsinə köçdük. Yaşadığımız evi atam təxminən 10 il əvvəl tikdirib. Ailədaxili münasibətlərimiz normal olub. Lakin çox qısqanc olduğum üçün həyat yoldaşıma ciddi nəzarət edirdim. Özüm mikroavtobus sürücüsü işləyərək ailəmi dolandırmışam."
Onun sözlərinə görə, yaşadıqları evə müşahidə kamerası quraşdırıb və görüntülərə mobil telefonu vasitəsilə nəzarət edib:
"Hadisədən əvvəl yolda olarkən telefonuma gələn görüntülərdən həyat yoldaşımın qrup şəklində kiminləsə danışdığını gördüm. Tovuzdan qayıdırdım. Qobu qəsəbəsində mağazadan 5 manata zəncir və iki qıfıl aldım, sonra evə getdim. Qızlarım evdə yox idi. Ləmandan telefonda kiminlə danışdığını soruşdum. O, bunun sadəcə bir qrup olduğunu və vaxt keçirmək üçün danışdıqlarını dedi. Mən də əsəbiləşərək onu yataq otağındakı çarpayının dəmir hissəsinə zəncirlə bağladım."
Xəlil bildirib ki, daha sonra həyat yoldaşını yenidən sorğu-sual edib:
"Ləman eyni sözləri təkrarladı. Mən də əsəbiləşərək əlimlə onun qoluna iki dəfə vurdum. Qıfıllardan birini çarpayının dəmir hissəsinə, digərini isə ayağına bağladım. Bağlı qaldığı müddətdə onu yalnız iki dəfə ayaqyoluna getməsi üçün açdım. Saat 21:00 radələrində müşahidə kamerasından evin qarşısında polis əməkdaşlarını gördüm. Kiminsə polisə məlumat verdiyini başa düşdüm. Bundan sonra Ləmanı açdım, zəncir və qıfılları yataq otağındakı tumbanın siyirməsinə qoydum. Ona da 'şikayət etmə, problem yaranmasın' dedim."
Təqsirləndirilən şəxs əlavə edib ki, daha sonra qapını açaraq polis əməkdaşlarını qarşılayıb:
"Polis əməkdaşları evə daxil olduqdan sonra Ləmanı dindirdilər. O da baş verənləri danışdı. Sonra məni Qobu Polis Bölməsinə apardılar. Həyat yoldaşımı zəncirlə bağlamaqda məqsədim qısqanclıq idi. Telefon proqramında başqaları ilə danışdığı üçün ona dərs vermək istəmişdim. Ləman saat 16:00-dan 21:00-dək zəncirə bağlı qalıb, yalnız iki dəfə ayaqyoluna gedib."
Xəlil ifadəsinin sonunda törətdiyi əmələ görə peşman olduğunu, zərərçəkmişlə barışdığını bildirib və barəsində amnistiya aktının tətbiq edilməsini xahiş edib.
Zərərçəkmiş Ləman isə ifadəsində bildirib ki, hadisə günü Xəlil işdən evə əlində zəncir və qıfıllarla gəlib:
"Məndən telefonda kimlə danışdığımı soruşdu və sağ qoluma bir neçə dəfə vurdu. Baş verənləri olduğu kimi izah etdim. Heç kimlə ünsiyyətim olmadığı üçün həmin proqramdan istifadə etdiyimi dedim. Xəlil isə 'bu dəfə səni döyməyəcəyəm, amma zəncirlə bağlayacağam' dedi və məni çarpayının dəmir hissəsinə bağladı."
Ləmanın sözlərinə görə, hadisə zamanı böyük qızı Zəhra da evdə olub:
"Məni bağladıqdan sonra daha xəsarət yetirmədi, sadəcə kobud davranırdı. Məni yalnız iki dəfə ayaqyoluna aparmaq üçün açdı. Bu müddətdə Zəhranın da mobil telefonunu əlindən aldı. Saat 20:00 radələrində qızıma zəng gəldi. Xəlil ona telefonu söndürməyi tapşırdı, özü də gələn zənglərə cavab vermədi."
Zərərçəkmiş bildirib ki, saat 21:00 radələrində evin darvazası döyülüb:
"Xəlil kameradan baxanda polis əməkdaşlarını gördü. Dərhal ayağımdakı zənciri açdı və 'heç kimə şikayət etmə' dedi. Sonra zəncir və qıfılları tumbanın siyirməsinə qoydu. Polis gəldiyini görəndə təşvişə düşmüşdü. Mənə bir daha belə hərəkət etməyəcəyini, məni anamın yanına göndərəcəyini dedi. Qapını açdıqdan sonra polis əməkdaşları onu həyətdə saxladılar. Daha sonra məni və qızımı dindirərək baş verənləri qeydə aldılar."
Abşeron Rayon Məhkəməsinin hökmü ilə Xəlilin barəsində amnistiya aktı tətbiq olunub. O, cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.\\demokrat.az










