"CityNet" internet provayderi çökdü

"CityNet" internet provayderi çökdü

"Citynet internet provayderinin Xətai rayonu üzrə bir çox ərazidə fəaliyyətində artıq bir saatdır ki, ciddi problemlər yaşanır və abunəçilər internet xidmətindən istifadə edə bilmirlər."

Bu barədə NOCOMMENT.az-a daxil olan şikayətdə qeyd edilib. Bildirilib ki, sözügedən provayderin bu cür yarıtmaz fəaliyyəti artıq sistemli xarakter alıb və ayda bir neçə dəfə təkrarlanır. Şikayətçilər bildirirlər ki, hər ay müqabilində ödəniş etdikləri xidməti vaxtında və keyfiyyətli ala bilməmələri həm vaxt itkisinə, həm də əlavə maddi zərərə səbəb olur. Abunəçilərin sözlərinə görə, internetin kəsilməsi nəticəsində məcburən mobil internet paketləri almağa vadar olurlar ki, bu da ailə büdcələrinə əlavə yükdür.

Şikayətçilər haqlı olaraq sual edirlər ki, provayderin texniki nasazlıq adı altında yaratdığı bu problemlərin vurduğu maddi zərər kim tərəfindən ödəniləcək və internet tariflərinin yüksək olduğu bir dövrdə bu cür xidmət keyfiyyəti ilə insanların cibinə girmək nə dərəcədə doğrudur? Vətəndaşlar qeyd edirlər ki, qaynar xətt vasitəsilə müraciətlər etsələr də, yaranan itkilərin kompensasiya edilməsi ilə bağlı heç bir addım atılmır və bu hal ciddi narazılıq yaradır.

Məsələ ilə bağlı şirkətin qaynar xəttinə zəng etdik. Onlar da hazırda texniki nasazlıq olduğunu təsdiqlədilər. Qeyd edilib ki, nasazlığın nə zaman aradan qaldırılacağı dəqiq məlum deyil.

Əli Səfərli,
NOCOMMENT.az